"Oğlanların qız tapmaq qorxusu, qızların oğlan tapmaq qorxusu var"
Tarix: 10-04-2019, 18:11



"Bir anlam yaranıb, qeyrət olmasa da olar, təki pul olsun. Bir çoxları üçün belədir. Amma elə deyil, hər şeyi pula satmaq olmaz".

Bu sözləri BiG.AZ -a açıqlamasında tanınmış müğənni Nadir Qafarzadə deyib. O, son zamanlar sosial şəbəkələrdə geniş müzakirələrə çevrilən görüntülərdən, həmçinin, çılpaq videosu yayılan qızlar haqda da fikirlərini bölüşüb:

"Qeyrəti qeyri ət etməyək. Qeyrət sözünün içərisində mədəniyyət də, mənəviyyat da, əxlaq da, zövq də, savad da var. İndiki gənclər özü seçməli, özü ailə qurmalıdır. Mənim nə həyat yoldaşımın, nə oğlanlarımın sosial şəbəkədə hesabları yoxdur. Mənim oğlanlarım xaricdə təhsil alır. İnstagramda olanların əksəriyyəti boş-bekar adamlardır. Mən sənət adamıyam, qınayan olmasa mən də bağlayaram. Nə verir o mənə? - Əsəb, vaxt itkisi, stres, gözüm də kor olub artıq, həyəcan da bir yandan... ona görə də bu, bizə xeyirli bir şey deyil. Təki bu instagram çıxmayaydı, mən Azərbaycanda yaşayan bəzi insanları belə tanımayaydım. Onlar mənim üçün elə zirvədə qalardı, bu qədər özlərini endirməyəydilər. Baxıram ki, bu qızların, bu oğlanların yiyəsi yoxdurmu? Bu video paylaşanda qohum - əqrəba görür, demirlər ki, ay qızım, sən niyə belə edirsən?! Bir "qapaz" vurmurlar, qulaq burması etmirlər, bunların yiyəsi doğrudanmı yoxdur? Kim istehsal edir onları, harda istehsal olunurlar, hansı "stanok"dan, hansı evdən çıxırlar? Bizim cəmiyyət hara gedir? Oğlanların qız tapmaq qorxusu, qızların oğlan tapmaq qorxusu var. Evliliklərin sayı azalır. Çünki hamısı sosial şəbəkələrin fəsadıdır. Yaxşı qızlar var, amma bəzi oğlanlar fikirləşir ki, görəsən, bu da onlardandır? Bunun da gizlin işləri var. Yaxşı ki, belə videolar yayılır, bəziləri də bəlkə özlərini yığışdırarlar. Allah onları bizə çox görsün".

Paylaş: