“AzTV-nin nüfuzuna ləkə gətirənlərin bəziləri hələ ki postunda qalır” - Qulu Məhərrəmli
Tarix: 9-04-2019, 08:59



“AzTV sükunət halından çıxıb, müəyyən yaradıcı proses gedir”.


Bu sözləri Modern.az-a Azərbaycan Televiziyasında rəhbər dəyişikliyindən sonrakı durumla bağlı danışarkən tanınmış jurnalist, televiziya eksperti Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, televiziyaya peşəkar, maraqlı insanlar çalışmağa dəvət olunub:


“Məsələn, mənim üçün sevindirici hal oldu ki, tanınmış rejissor Şərif Qurbanəliyev “Sabah” Yaradıcılıq Birliyinin rəhbəri təyin edildi. Bədii verilişlər üzrə peşəkar rejissor Nadir Diridağlı dəvət olunub. Ədəbi Dram Verilişlərinə isə Azər Qismət rəhbər oldu. Bütün bunları müsbət addımlar kimi qiymətləndirirəm. Hiss olunur ki, müsbət proseslər gedir. Verilişlərin də ahəngi, ruhu bir qədər dəyişib. Amma bütövlükdə AzTV-nin  dəyişdiyini iddia etmək doğru olmazdı. İndiki yaradıcılıq axtarışları hara gedəcək, kadr siyasəti necə olacaq, sədri əvəz edən gənc jurnalist Rövşən Məmmədov prosesləri hara aparacaq – bunları analiz etmək tezdir. Amma yenə də telekanal durğunluq nöqtəsindən çıxıb, müəyyən yaradıcı proseslər gedir və bu addımların çoxunu sağlam hesab edirəm”.

Qulu Məhərrəmlinin sözlərinə görə, AzTV-nin adına, imicinə, nüfuzuna ləkə gətirən bəzi rüşvətxor, korrupsiyanın içərisində olan, köhnə sədrin əlaltısı olan şəxslərin bəziləri kollektivdən çıxarılsa da, postunda qalanlar da var:


“Hər halda biz də arzu edirik ki, dövlət televiziyamız sanballı, yaradıcı və xalqa xidmət edən şəkildə fəaliyyəti ilə seçilsin. Dövlətin qayğı göstərdiyi, kifayət qədər maliyyə ayrılan televiziyanın həm yerli, həm də xarici televiziyalarla rəqabət qabiliyyəti olmalıdır. Ancaq bu şəkildə geniş tamaşaçı auditoriyasını özünə cəlb edə bilər. Proseslərin yaxşıya doğru inkişaf etməsini arzulayırıq”.

Xatırladaq ki, bu ilin yanvar ayında prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edilib. A.Alışanovun yerinə isə gənc jurnalist Rövşən Məmmədov təyin edilib.
Rövşən Məmmədov AzTV-dən əvvəl “Lider” TV və “İdman-Azərbaycan” telekanallarında çalışıb. Bakı Avrasiya Universitetində müəllim olaraq da fəaliyyət göstərib.  

Paylaş: