"Münasibət pozulub, ikimizə də belə rahatdır"
Tarix: 8-04-2019, 17:09



Əməkdar artist Abbas Bağırov MTV-də yayımlanan “Söhbətsiz” proqramında küsülü həmkarı Zamiq Hüseynov barədə danışıb. 

“Qafqazinfo” xəbər verir ki, müğənni efirdə Zamiqlə əvvəl dostluq münasibətinin olduğunu, daha sonra aralarında narazılıq yarandığını qeyd edib:

“Verilişlər, tədbirlər olur ki, eyni yerə düşürük. Mən oturduğum yerə gəlir və salam vermir. Mən ona niyə salam verim ki? Salam sənin mədəniyyətin, tərbiyəndir. Onun münasibətə heç bir aiddiyyəti yoxdur. Bir insanla münasibətimi pozuramsa, deməli, dəfələrlə edilmiş diqqətsizlik, özünü düzgün aparmamaq, münasibətdə çatışmayan cəhətlər məni buna vadar edir. Sevirəm ki, insan səmimi, kamera arxasında necədirsə, kənarda da elə olsun. 

Mənimlə münasibəti necədirsə, başqalarının yanında da elə olsun. Yanımda başqa adamlar haqda danışılmasını sevmirəm. Narazılığın varsa, get, üzünə de. İnsan olduğu kimi məni qane etmirsə, məcburam onunla dostluq edim? Bir insana nə qədər keçə bilərsən? Təəssüflər olsun ki, onu özüm kimi görmüşəm. Onda günah görmürəm, xarakteri belədir, onu dəyişə bilmərəm”.

Z. Hüseynov isə sözügedən açıqlamadan sonra mətbuata açıqlama yayıb. O, Bağırovla ciddi probleminin olmadığını qeyd edib:

“Xahiş edirəm, mövzunun üzərinə çox getməyin. Neçə vaxtdır ki, münasibətimiz bir az pozulub. Amma hər şeyin vaxtı, zamanı var. Hiss edirik ki, ikimizə də belə rahatdır. Ona görə bizim aramızda ciddi, bir-birimizi görüb utanmağa səbəb olacaq nəsə olmayıb. İkimiz də sənətçiyik, dost olmuşuq. Bunlar hər kəsin arasında olur, münasibət pozulur, sözlər də çəp gəlir. Biz elə bir tərbiyəyə malik olan insanlar deyilik ki, səhv edək və bir-birimizi bağışlamayaq. Sadəcə olaraq aramızda narazılıq var. Haçana qədər belə davam edəcəyini isə bilmirəm”.

Paylaş: