Abbas Bağırova qarşı dələduzluq edən şəxsin məhkəməsində xalq artisti ifadə verib
Tarix: 2-04-2019, 17:18



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qarmon ifaçısı, xalq artisti Ənvər Sadıqov şahid qismində ifadə verib.
Tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun epizodu üzrə dindirilən Ə.Sadıqov bildirib ki, təqsirləndirilən şəxslə uzun müddət bir yerdə çalışıb: "Orxanı həmişə hörmət saxlayan, yaxşı insan kimi tanımışam. Hadisədir, oldu və keçdi. Mənə dəymiş ziyan ödənildi, problem də həll olundu. Orxana kömək edilməsini istəyirəm".
Daha sonra digər zərərçəkmiş Xətai Yusubovla təqsirləndirilən şəxsin vəkili Nüşabə Ağayeva arasında mübahisə yaranıb.
Məhkəmə X.Yusubova xəbərdarlıq edib.
X.Yusubov vəsatət qaldıraraq söyləyib ki, Ədliyyə Nazirliyinə və Prezident Administrasiyasına müraciət edib. O deyib ki, vəkil N.Ağayevanın məhkəməyə rüşvət verməsi ilə bağlı dediklərinin səs yazısını əldə edib.
X.Yusubov ölkə xaricinə getdiyi üçün növbəti proseslərin onun iştirakı olmadan keçirilməsini istəyib.
Prokuror zərərçəkmişin vəsatəti ilə ətraflı tanış olduqdan sonra münasibət bildirmək istədiyini deyib.
Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib.
İttiham aktına əsasən, O.Mirəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib.
Həmçinin o, müğənni A.Bağırova məxsus qarajı Emil Qurbanova satacağını vəd edərək ondan 10 min manat pul alıb.
Cinayət materialına görə, O.Mirəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 500 manat pul alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.
O, təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat pul alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.
O.Mirəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır. 

Paylaş: