Şərif Qurbanəliyev: "AzTv-nin yeni rəhbərliyi bütün bağlı qapıları açdı"
Tarix: 2-04-2019, 13:10



"Aprelin birindən işə başlamaq haqqında əmrim imzalanıb. Hələ qolumu çırmalayıb, işə başlamamışam."
Bu fikirləri Open.az-a özəl açıqlamasında ötən gün “Sabah” Yaradıcılıq Birliyinə rəhbər təyin olunan tanınmış rejissor Şərif Qurbanəliyev deyib.
Şərif Qurbanəliyev yeni vəzifəsində var gücü ilə çalşacağını bildirib: "Ustadım Ramiz Həsənoğlu Telefilmə direktor vəzifəsinə irəli çəkildiyinə görə və iki vəzifəni aparmaq mümkün olmadığı üçün “Sabah” Yaradıcılıq Birliyinə direktor olaraq məni çağırdı. Mən Ramiz Həsənoğlunun yetirməsiyəm. Ramiz Həsənoğlu yerini özünün yetirməsinə verib. Ağsaqqalımız olaraq onun dəstəyinə hər zaman ehtiyacımız var. AzTv-nin yeni rəhbərliyi televiziya filmləri və tamaşalarının yenidən bərpa olunmasını istəyir. Azərbaycan Televiziyasının istehsal etdiyi tamaşalara hər zaman böyük maraq, diqqət olub. AzTv-nin köhnə rəhbərliyi zamanında televiziyanın vahid qapısı vardı. Televiziyada bir neçə yerə getmək üçün bütün binanı fırlanmalı olurduq. Keçmiş sədr bütün qapıları bağlamışdı. AzTv-nin yeni rəhbərliyinin sayəsində həm məcazi, həm də hərfi mənada bütün bağlı qapılar açıldı. Yeni rəhbərliyin mövqeyi yaxşı mütəxəssisləri bir araya toplayıb, keyfiyyətli işlər meydana çıxarmaqdır. Bizim də borcumuz yeni rəhbərliyə kömək etməkdir."
Qeyd edək ki, ötən gün tanınmış televiziya rejissoru Şərif Qurbanəliyev “Sabah” Yaradıcılıq Birliyinin rəhbəri təyin edilib. Bununla bağlı AZTV-nin sədri sərəncam imzalayıb. Rejissor Şərif Qurbanəliyev müxtəlif vaxtlarda AZTV-də və digər telekanallarda film və telelayihələrin müəllifi olub.
Şərif Qurbanəliyevin quruluş verdiyi “Yarımştat”, “Bala – Başa bəla” teletamaşaları televiziyanın “qızıl fondunda” saxlanılır.
Şərif Qurbanəliyev “Akademik Heydər Hüseynov”, “Kişiləri qoruyun”, “Şəki teatrında”, “Qaragülün nağılı”, “Tanrıverdinin nağılı”, “Bir ovuc torpaq”, “Bədəlbəylilər” kimi bədii və sənədli filmlərin rejissorudur.
Xatırladaq ki, Azərbaycan televiziyasının “Sabah” Yaradıcılıq Birliyi 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb. Birlik əsas etibarilə televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar hazırlayır.
“Sabah” Yaradıcılıq Birliyinin İlk 10 ilində 26 televiziya tamaşası hazırlanıb.

Paylaş: