“Telekanallarımız Azərbaycan mədəniyyətini aşağılamaqla məşğul olurlar...”
Tarix: 30-03-2019, 09:45



“Azərbaycanın çox gözəl bir şairinin anım günü olanda Azərbaycan Yazıçılar Birliyində tədbir keçirəndə televiziyaların hamısına məktub göndəririk, amma heç birisi gəlib otuz saniyə süjet vermir”

Bunu Moderator.az-a açıqlamasında “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs deyib. Q.Ağsəs telekanallarımızın daha çox ara adamlarına vaxt ayırdığını bildirib:


“Nəcib Fazil Qısakürəyin televiziya haqqında belə bir sözü var deyir ki, “Televiziya bir borudur və onun içindən həm təmiz, həm də çirkab su axıtmaq olar. Bizim telekanallarımızda isə təəssüflər olsun ki, bütün sular axıdılır. Azərbaycan xalqı televiziyaya bir ocaq, pir kimi baxır, amma televiziya kommersiya strukturudur. Televiziyaların pullu saatları var və adamlar pulunu ödəyib efirə çıxa bilərlər və orda da hər bir janra yer ola bilər, amma bəzi istisnalar olmaq şərti ilə. Azərbaycanda üç kanal var ki, dövlət ona pul ayırır. Onlar AzTV, Mədəniyyət və İctimai kanaldır.  Ən çox bu kanallardan umağacağım var. Onların özəl kanallar kimi biz televiziyayıq, komersiyayıq deməyə haqları yoxdur, çünki büdcədən yetərincə pul ayrılıb və onlar televiziyanın təməl prinspini qorumağa borcludurlar. Əgər öz borclarını yerinə yetirməzlərsə, onda cəzalandırılmalıdırlar. Bayağı verilişlər özəl kanallarda başladı və çox təəssüflər olsun ki, populyarlaşıb seviləndən sonra ciddi kanallara da yol açıldı. Türkiyədə populyar olan hər cür sənətçi var. Amma Türkiyənin Mədəniyyət Nazirliyi dövlət tədbirinə onların heç birini buraxmır. Yəni sənətçiləri populyarlığına görə deyil, sənətkarlığına görə qiymətləndirir. Bizdə isə ara müğənnilərini rəsmi tədbirlərdə də görürük və bu isə yığışdırılmalıdır. Bu təkcə mənim fikrim deyil, mədəniyyət xadimlərinin ölkə başçısıyla görüşdə də efirlərimizdəki vəziyyətə toxunuldu. Bununla bağlı bədii şura olmalıdır və hər şey efirə buraxılmalı deyil. 

Televiziyalarımızda baş verən bu rüsvayçılıq heç bir saytda, jurnalda baş vermir. Səhərdən-axşama qədər efirə yaramayan simaları görürük. Dil qüsuru baş alıb gedir, əvvəla aparacının öz çəkisi də standartlara uyğun olmalıdır, 200-300 kloqram çəkisi olan aparıcılar veriliş aparır. Azərbaycanın çox gözəl bir şairinin anım günü olanda Azərbaycan Yazıçılar Birliyində tədbir keçirəndə televiziyaların hamısına məktub göndəririk, amma heç birisi gəlib otuz saniyə süjet vermir. Amma onlar bütöv bir səhər proqramını ara müğənnisinə ayırır. Bəzən yazıçılarımız da inciyirlər ki, televiziyalar onların tədbirlərini işıqlandırmır. Sizə deyim ki, AYB-də keçirilən bütün tədbirlərdə mətbuat xidməti və sədrin müşaviri televiziya sədrlərinə məktub göndərir, amma gəlmirlər. Ona görə də Rasim Balayev kimi sənətkarımız əsəbiləşir. Azərbaycanın elə böyük ziyalıları var ki, heç onları efirdə görmürük, bir çoxu özləri istəmir ki, efirə çıxsın. 10-15 il bundan öncə ağlımıza gəlməzdi ki, meyxananı bu cürə müzakirə edəcəyik. Telekanallarımız Azərbaycan ədəbiyyatını, mədəniyyətini aşağılamaqla məşğul olurlar. Buna ironiya ilə yanaşırlar”. 

Paylaş: