“Meyxanaçıların yüngül hərəkətlərinə, atılıb-düşmələrinə necə dözək?”
Tarix: 29-03-2019, 08:36



“Bəziləri meyxananı elə aqressiv söyləyirlər ki, elə bil, bu dəqiqə qarşısındakıları qanlarına qəltan edəcəklər! Adama deyələr, əsəb nümayiş etdirməyə, özünüzü göstərməyə, kimdənsə üstün omaq istədiyinizi camaata göstərməyə yer tapmırsınız? Gərək bunu ekranlarda edəsiniz?”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca meyxana haqqında danışarkən deyib. O, bildirib bədahətən söz tapmaq və mənalı fikir söyləmək hər adamın işi deyil:

“Meyxana haqqında indiyədək efirlərdə çox söhbətlər, mübahisələr, fikirlər, düşüncələr eşitmişik. İndi də eşidirik. Bəri başdan deyim ki, meyxanaçıların bədahətən soz demələri, həm də fikirlərini şeir qayda-qanunlarına uyğunlaşdırmaları məni də çox maraqlandırır. Bədahətən uyğun söz tapmaq, o sözü şeirdə yerinə salmaq, mənalı fikir söyləmək hər adamın işi deyil. Odur ki, mənalı, məzmunlu meyxanalar insanı cəlb edir. Çünki orada şeiriyyət var, söz və fikir var. Böyük şair Əliağa Vahidin meyxanalarını yada salmaq kifayətdir. Amma o Əliağa Vahid idi, həm də sözün əsil mənasında Vahid idi, yəni tək idi. Sonralar yaddan çıxmaz Ələkbər Şahidi dinlədim, indiyədək də onun meyxanaları qulaqlarımda səslənir... Demək istəyirəm ki, yaxşı meyxanaya qulaq asmaq həm lazımdır, həm də vacibdir. Niyə? Ona görə ki, meyxananın özündə şeiriyyatdan başqa həm də musiqi var, söz var, fikir var... Amma meyxanada dilimiz korlananda, rus ifadələri işlədəndə, söyüş olanda, kimi isə alçaldanda, təhqirə yol veriləndə əsəbiləşməmək mümkün olmur. Həm də bəziləri meyxananı elə aqressiv söyləyirlər ki, elə bil, bu dəqiqə qarşısındakıları qanlarına qəltan edəcəklər! Adama deyələr, əsəb nümayiş etdirməyə, özünüzü göstərməyə, kimdənsə üstün omaq istədiyinizi camaata göstərməyə yer tapmırsınız? Gərək bunu ekranlarda edəsiniz? Hələ belə meyxanaçıların tamaşaçılarının lazımsız, yüngül hərəkətlərinə, atılıb-düşmələrinə, özlərini layiqsiz aparmalarına necə dözək? Mənalı, məntiqli meyxanalarda isə belə olmur, dinləyicilərin üzündə meyxanaçıya heyrət, təşəkkür, qibtə hissi sezilir. Çünki, meyxanaçı öz hazırcavablığı, söz bağajı ilə qəlbləri riqqətə gətirir. Məhz, elə meyxanalar xalqın yaddaşında qalır. Demək istəyirəm ki, meyxananı çıxdaş eləmək olmaz, heç bu lazım və mümkün deyil. Hər bir meyxanaçının yadda qalan hər hansı bir meyxanası olur. Bu günlərdə həyatdan gedən Aydın Xırdalanlının da bəzi mənalı meyxanalarını sosial mediadan dinlədim və gözəl deyimləri üçün ona bir daha rəhmət oxudum. 

"Meyxana" sözünün mənası isə mey, yəni şərab içilən yer deməkdir. Şeiriyyətin şərab içilən yerlə nə əlaqəsi ola bilər? Axı, indi meyxanalar da yoxdur, barlar var. Bu şeirlər, deyişmələr bədahətən deyildiyi üçün "bədiyyə" desək yaxşı olmazmı? Yenə təkrar-təkrar deyirəm, bu söhbətlər, şeirlər, deyişmələr bədii olmalıdır, dinləyicilərə bədii hiss aşılamalıdır. Bəlkə deyilənlərin, yazılanların çoxu bədii yaradıcılıqdan uzaq olduğu üçün bu sözdən qorxub "yaradıcılıqlarını" meyxana şeirlərinə döndərirlər? "Meyxana"sözünün özü bizdə axı, yaxşı mənada qarşılanmır. Çox şairlər bədahətən şeirlər deyiblər, o şeirlərin meyxanaya nə dəxli var? Bu haqda da söhbətlər, mübahisələr eşitmişəm, amma "meyxana" sözünü başqa sözlə əvəz etmək qərarını görmürəm. Bir də soruşuram, yer, məkan adının şeiriyyətə nə dəxli var? Belə çıxır ki, o ki var, şərab içib sonra meyxana adlandırılan şeirlər deməlisən?”

Paylaş: