Sumqayıt Teatrının aktyoru: "Təəssüf ki, xəstəliyimlə tanındım"
Tarix: 28-03-2019, 10:36



"Mətbuatdan, jurnalistlərdən hər zaman qaçmışam. Reklam olunmağı sevən adam deyiləm. İstəməzdim ki, məni belə xəbərlə tanısınlar. Amma təəssüf ki, xəstəliyimlə tanındım."
Bu fikirləri Open.az-a özəl açıqlamasında Sumqayıt Teatrının aktyoru Yalçın Səlimov deyib.
Ötən gün ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən aktyora qaraciyər serrozu diaqnozu qoyulub. Sumqayıt şəhəri 1 saylı xəstəxanada müalicə alan aktyor qarnına yığılan mayeyə görə özünü çox ağır hiss etdiyini deyir. "Vəziyyətim son bir ildə pisləşdi. Ötən il həyatımda çətinliklər çox oldu. Depresiyaya düşdüm. Nə gizlədim, içkiyə çox meyl etdim. Amma heç kim məni sərxoş, özümdən keçmiş halda görməyib. Küçə tədbirləri, soyuq məkanlar, bunların hamısı qaraciyərimə mənfi təsir etdi. Fevralda özümü lap pis hiss etdim. Bir müddət Sarıqayada olan xəstəxanada müalicə aldım. Sonra həmin xəstəxana təmirə bağlandı. Ötən gün isə daha dözə bilmədim. Dünəndən iynə-dərman müalicəsinə başlayıblar. Ümid edirəm ki, sağalacam. 1 saylı xəstəxananın baş həkimi Nazim müəllim və bütün həkimlər mənə diqqətlə yanaşırlar. Allah kərimdir. Yəqin yaxşı olaram".
Qeyd edək ki, Yalçın Səlimov 20 ildən çoxdur Sumqayıt Dövlət Dram Teatrında çalışır.
Teatrın repertuarında olan tamaşalarda maraqlı obrazlar ifa edib. Yalçın Səlimovun özünəməxsus yaradıcılıq yolu var.

Paylaş: