Bu dünyada Əminə adlı bir xanım da var idi...
Tarix: 25-03-2019, 11:29


"Dünya mənim, dünya sənin, dünya heç kimin". 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Bakı şəhərində dünyaya gəlmişdi. 1934-cü ildən Əli Bayramov adına qadınlar klubunun dram dərnəyində çıxışlar edirdi. 1936–1939-cu illərdə M.F.Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində təhsil alıb. 1938-ci ildə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bir müddət xalq artisti Əjdər Sultanovun həyat yoldaşı olduğu üçün rollarının bir qismini "Sultanova" soyadı ilə oynayıb. 1940-1950-ci illərdə Tiflis teatrında müxtəlif obrazlar yaradıb. "Alma almaya bənzər"də tibb bacısı, "Bir məhəllədən iki nəfər"də Xədicə və "Bizim küçə", "Həyat bizi sınayır", "Qəribə əhvalat", "Qızıl qaz" bədii filmlərdə müxtəlif rolları canlandırıb. 1943-cü ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülüb. 1977-ci ildə 58 yaşında ikən vəfat edib...

Bəli, bu dünyada Əminə Əliabbas qızı Nağıyeva adında bir aktrisa var idi. Yaşasaydı martın 26-da 100 yaşı tamam olacaqdı. Azərbaycan incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə onu ehtiramla anır, ruhuna Allahdan rəhmət diləyirik…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

modern.az

Paylaş: