Hüseynağa Sadıqovun 105 illik yubileyi qeyd olunacaq
Tarix: 18-03-2019, 11:35



Martın 21-də Azərbaycanın xalq artisti, Gənc Tamaşaçılar Teatrının mərhum sənətkarı, böyüklərlə yanaşı, uşaqların da sevimli aktyoru Hüseynağa Sadıqovun doğum günüdür.
Open.az xəbər verir ki, bu il mərhum sənətkarın anadan olmasının 105 ili tamam olur.
Sənətkarın qızı Tamella Sadıqovanın təşəbbüsü ilə martın 18-də Akademik Musiqili Teatrda xalq artistinin xatirəsi yad olunacaq.
Qeyd edək ki, əslən Cənubi Azərbaycanlı olan Hüseynağa Ələsgər oğlu Sadıqov 1914-cü il martın 21-də Bakıda doğulub.
Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb.
Gənc Tamaşaçılar Teatrının səhnəsində maraqlı obrazlar yaradan aktyor "Azərbaycanfilm"in çəkdiyi "Ad günü", "Babamızın babasının babası", "Alma almaya bənzər" "Yenilməz batalyon", "Sehirli xalat", "O, qızı tapın""Yeddi oğul istərəm", "Şərikli çörək" "Mosfilm"in ekranlaşdırdığı "Ələddinin sehirli çırağı" və s. filmlərdə biri-birindən maraqlı, baxımlı obrazlar yaradıb.
Teatr sənətinin inkişafında, xüsusən gənc tamaşaçıların, məktəb şagirdlərinin, yeniyetmələrin estetik zövqlərinin münbit zəminə düşməsində göstərdiyi səhnə xidmətlərinə görə 1956-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1979-cu ildə xalq artisti fəxri adları ilə təltif edilib. 

Uşaqlığımızın sevimli "Xoruz baba" sı olan Hüseynağa Sadıqov 1983-cü il fevralın 23-də 68 yaşında Bakıda vəfat edib.

Paylaş: