Faytonçu Nazimi əməliyyat edən həkim ittihamlarla razılaşmır
Tarix: 24-08-2017, 09:25


Bir müddət öncə ölüm xəbəri yayılan müğənni “Faytonçu” Nazim Pişyari onu əməliyyatla pis hala salan “ElMED” klinikasının həkimi Elman Əzimov barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, polisə müraciət edərək ona dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbi ilə iddia qaldırıb: “Bu cür həkimlərin qarşısını almaq lazımdır. Mən bu halla üzləşən birinci və sonuncu adam deyiləm. Bu insanı həkimlikdən azad etmək lazımdır. Bu insan öz peşəsi ilə məşğul deyil. Təsəvvür edin, xanəndə pop janrında oxuyur. Praktoloq bu gün cərrahlıq edir. Bu həkim 2 ay kurs keçib, gəlib cərrahlıq edir. Bu həkimlə bağlı polisə müraciət elədim. Mənə dəyən maddi ziyanı qaytarsın. Bütün qəbzlər əlimdədir. Düz 62 min dollar xərcim çıxıb. Bu qədər pulu həkim səhvinə görə xərcləmişəm. Bundan əlavə mənə dəyən mənəvi ziyanı ödəsin. Nələr çəkdiyimi bir Allah bildi. Mən işimdən, səhnəmdən, qazancımdan qaldım. Bunu kim ödəyəcək? Mənimlə bərabər doğmalarım - ailəm, anam, qohumlarım əzab çəkdi. Həkim isə etdiyi əməlləri boynuna almır. Deyir “düz eləmişəm”. Digər ölkələrdə mənə baxan həkimlər isə bunu həkim səhvi kimi qiymətləndirir. Bir sözlə, bütün bunlara görə bir neçə gün öncə hüquq-mühafizə orqanlarına getdim, şikayət ərizəmi yazdım. Artıq bununla vəkilim məşğuldur. Azərbaycanda qanunlar işləyir. Səhv edən insanlar öz cəzasını almalıdır”.

N.Pişyari xəstəliyinin ilk mərhələsində başına gələnləri danışdı: “Heç bir zaman xəstəliyim olmayıb. Sadəcə öd kisəmlə bağlı sancılar yaranırdı. Mən də qərara aldım ki, öd kisəmi kəsdirim. USM-də baxan kimi dedilər ki, bu öd kisəsi artıq simasını itirib. Kəsib götürmək lazımdı. Mən də Elman Əzimov adlı həkimin yanına gəldim. Naşı bir həkim əlinə düşdüm. O da məni necə əməliyyat elədisə, əməliyyat zamanı məni qanaxma götürdü. Fəsadlar yarandı, həkim mənim öd kisəmin yollarını tikdi... İsrailə getdim, həkimlər baxdılar, güldülər. 

Dedilər ki, sizə kim deyib ki, siz onkoloji xəstəsiz? Deformasiyaya uğramış öd kisəsini laparoskopiya ilə əməliyyat etmək olmaz. Bu həkim səhvidir”.

Müğənninin sözlərinə görə 3 ay ərzində 4 əməliyyat keçirib, xeyli çəki itirməsinə səbəbi də elə bu olub. 

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı qarşı tərəfin rəyini öyrənməyə çalışıb. Gün ərində həkim Elman Əzimov əməliyyatlarda olduğu üçün köməkçisi açıqlama verib. Həkim köməkçisi qeyd edib ki, müğənni klinikaya müraciət edərkən çox ağrı vəziyyətdə olub:

“Bizim açıqlama vermək ixtiyarımız yoxdur. Lakin qeyd edim ki, müğənni Nazim Pişyari klinikamız müraciət edərkən vəziyyəti çox ağır idi. 

Həkim Elman Əzimov onu əməliyyat etdi. Bir daha qeyd edirəm ki, o çox pis vəziyyətdə gəlmişdi. Məncə burda onun həyatı qurtuldu”.

Qeyd edək ki, həkim Elman Əzimov bundan əvvəl mətbuata açıqlamasında on qarşı sürülən ittihamları rədd etmişdi:

“Mən savadsız həkim deyiləm. O cür ağır pataloji haldan biz onu sağ-salamat çıxartdıq, bunun özü möcüzədir. Bəzən bu kimi hallarda sadəcə gözləmək lazımdır. Həkimlər belə durumlarda ani səhlənkarlıqla xəstənin ölümünə səbəb ola bilirlər. Lakin biz zamanında qanaxmanı dayandırdıq və həmin an edilə biləcək, əlimizdən gələn hər şeyi etdik. Bütün şərtlər altında bu məsələni aydınlaşdıra bilərik. Qarşı tərəf heç bir uzlaşmaya gəlmək istəmir”.

Bir zamanlar müğənni ilə yaxşı münasibətdə olduğunu deyən həkim açıqlamasında ilginc fakta da toxunub:

“Lazım gəlsə, mən də bütün arqumentləri ortaya qoyacam”.

Müğənninin “bu həkim 2 ay kurs keçib, gəlib cərrahlıq edir” ittihamı ilə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, həkim Elman Əzimov 
2000-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-işi fakültəsini fərqlənmə diplomu və M.Ə.Rəsulzadə adına təqaüdlə bitirib. 2002-2005-ci illərdə isə 1-ci cərrahi xəstəliklər kafedrasında aspirantura təhsili alıb. Hazırda “ElMED” klinikasında cərrahiyyə şöbəsinin müdiri, Azərbaycan Tibb Universitetində cərrahiyyə üzrə pedaqoji fəaliyyətlə məşğul olan Elman Əzimov müxtəlif illərdə Türkiyənin bir çox tibb universitetləri və klinikalarında kurslar keçib. 

Paylaş: