"Aslı Enverlə bir daha filmə çəkilməyəcəm"
Tarix: 14-03-2019, 18:12



Xəbər verdiyimiz kimi, türkiyəli ifaçı Murad Boz paytaxtımızın qonağıdır. UlduzumSan.Az-ın məlumatına görə, o, aktrisa Seda Bakanla birgə "Öldür beni, sevgilim" filminin qala gecəsinə qatılıb.
Murad Boz təqdimatdan öncə media nümayəndələrinin suallarını cavablandırıb: "Bir müddət öncə Azərbaycana konsert vermək üçün gəlmişdim. Bu gün isə Seda ilə birgə ilk dəfə kinomuzun qalasına qatılmışıq. Çox həyəcanlıyıq. Bakıda olduğumuz üçün xoşbəxtik. Burada özümüzü öz ölkəmizdə kimi hiss edirik.
Ekran işi haqqında da onu deyə bilərəm ki, fikrimcə gözəl komediya filmi çəkmişik. Azərbaycandan film təklifi almışıq. Daha çox layihənin necə olması maraqlıdır. Pul məsələsi ikinci plandadır.
Aktyorluq qabiliyyətimdə irəliləyiş var. Hər film yeni bir təcrübədir. Seda kimi aktrisanın yanında özümü tərifləyə bilmərəm. Hər dəfə yeni nəsə öyrənirəm.
Daha çox komediya filmlərində rol alıram. Dram filmində çəkilmək üçün təklif almamışam. Bu bir az da "O səs Türkiyə"dəki juri kimi zarafatlarımdan irəli gəlir".
Murad Boz aktyor Burak Özçivitlə münasibətlərinin normal olduğunu bildirib: "Kardeşim benim 2" filminin Bakıdakı qalasına mən də gəlməli idim. Sadəcə "O ses Türkiyə" verilişinin çəkilişi ilə üst-üstə düşdüyünə görə gələ bilmədim. Yoxsa hər şey qaydasındadır".
O, həmçinin sevgilisi Aslı Enverlə bir daha filmə çəkilməyəcəyini söyləyib: “Bir münasibəti ekranlaşdırmaq nə dərəcədə doğrudur? Cəmi bir dəfə filmə çəkilmişik, kifayətdir. Özəl həyatımla bağlı çox danışmaq istəmirəm".
Hamilə olan Seda media mənsublarına bu sözləri deyib: "Yaxşı aktyor olmaq üçün bir çox filmlərdə rol almalısan ki, daha da işində püxtələşəsən. Amma zamanla bacarıqlı aktyor da öz işində peşəkarlaşır".








Paylaş: