Norveçdən gələn urmulu qızı Antalyada bizi dedi – “Üçrəngli bayraq bizi qürurlandırır”
Tarix: 14-03-2019, 17:10



Osloda dövlət qulluqçusu olan, 7 dil bilən, modelyer Şervin Nəcəfpurun Musavat.com-a eksklüziv müsahibəsi...

Elə insanlar var ki, vətən dediyi ölkəni ancaq şəkillərdə görür, tarixini kitablardan oxuyur, dilini isə yalnız valideynlərindən eşidir, amma daha vətənpərvər olur. Bəlkə də belə insanlar vətənin qədrini bizlərdən daha yaxşı bilirlər.
Bir neçə gün öncə Türkiyədə "Antalya Fashion Week 2019" moda günləri çərçivəsində Norveçdən gələn, əslən azərbaycanlı Şervin Nəcəfpur adlı xanım “I’m a star” kolleksiyasını nümayiş etdirib.
Nümayiş həm yerli, həm də Türkiyə mediasının gündəminə düşüb. Modellərin səhnədə çıxışı zamanı podiumun arxa fonunda Azərbaycanın bir çox bölgəsinin, eyni zamanda Qarabağın işğal olunmuş şəhərlərinin adı - "I’m a star in Khojaly", "I’m a star in Shusha", "I’m a star in Tabriz" və s. yayımlanıb.
Musavat.com-un əməkdaşının öz vətənindən uzaqda olan, amma milli kimliyini unutmayan Şervin Nəcəfpurdan götürdüyü müsahibəni təqdim edirik.
- Öncə Şervin Nəcəfpurla tanış olaq...
- 1991-ci ildə Norveçdə doğulub-böyümüşəm, azərbaycanlıyam. Valideynlərim İranda, Urmu şəhərində doğulublar. Özüm hazırda Norveçdə yaşayıram, burada Biznes Universitetində beynəlxalq marketinq üzrə bakalavr dərəcəsi almışam. Mən özümü çoxsahəli insan kimi görürəm. Moda ilə yanaşı, Norveçdə dövlət işində işləyirəm. Bir çox könüllü fəaliyyətlərim də var, əsas işim isə biznesdir deyərdim.


45498049_363220914249838_1421192536373854208_o.jpg (260 KB)


- Sizcə, vətən sevgisi daxildən gəlir, ya valideynlərin təsiri böyük rol oynayır?
- Formalaşmamızda əsas qəhrəman olan valideynlərimizin bizə vermiş olduğu tərbiyənin burada böyük rolu var. Bir nüansı qeyd edim ki, qürbət ölkələrdəki valideynlərin işi daha çətin olur. Yad ölkədə vətəninə sevgi dolu bir uşaq böyütmək çox çətindir. Əgər valideynin ürəyi vətən sevgisi ilə döyünürsə, yanlız o ailədə böyüyən uşaqda vətənə sevgi, milli kimliliyə bağlılıq ola bilər. Təməli valideyn qoyur, biz də böyüyüb bunu davam etdiririk. Mən çox milliyyətçi bir ailədə böyümüşəm, atam 40 ildir ki, öz doğulduğu torpaqlara gedə bilmir, onun gözündəki vətən sevgisi və həsrəti ilə böyüyən biri olaraq bu gün müstəqil Azərbaycan Respublikasında dalğalanan bayraq görmək bizi qürurlandırır.
Təəssüf ki, bir çox xaricdə yaşayan həmvətənlərimiz dildə Azərbaycan deyir, amma övladlarına ana dillərini öyrətmir. Bu böyük bir utancdır, xususilə Norveçdə barmaqla sayılacaq qədər azərbaycalı gənc var ki, öz dillərində danışa bilir.


53694010_2200162136672870_2583324027116322816_n.jpg (136 KB)



- Bildiyim qədərilə Norveçin tanınmış gənc modelyerlərindən sayılırsınız.
- Uşaq olarkən böyüyəndə nə olmaq istəyirsən deyə soruşduqlarında hər zaman modelyer və biznes qadını demişəm. 5 yaşında çəkmiş olduğum eskizlərim hələ də qalıb, arada baxıb gülürəm. Mən xəyallarımın ardınca gedə bildim və ona görə özümü xoşbəxt insan hesab edirəm. Amma bu yerə qədər gəlməyim o qədər də asan olmayıb. Nə qədər yıxılsam da, öz istəklərimdən əl çəkməmişəm.
15 yaşında gənc istedadlar üçün bir müsabiqədə iştirak etdim. İlk dizaynımı əl tikişi ilə hazırlamışdım və bu bir çox norveçli modelyerlərin diqqətini cəlb etmişdi. Bir müddət ABŞ-da təhsil alıb 17 yaşımda Norveçə qayıtdım və “Haute Caouture”kolleksiyasında ikinci dizayner vəzifəsində çalışdım. Artıq 10 ilə yaxındır bu sektordayam. Universitet illərində öz markamı yaratmağa qərar verdim çünkü bu sahədə sözünü demiş insanlarla çışırdım.
2013-cü ildə ilk kolleksiyamı gözəlliyinə vurulduğum İstanbulda “The heart of the world beats from Istanbul”( “Dünyanın ürəyi İstanbuldan atır”) adı altında beynəlxalq sahədə təqdim etdim. Həmin ildə keçirilən “Norveç dünya gözəli” müsabiqəsində hazırlamış olduğum geyimim ilə İda Myhrvold üçüncü oldu.
2014-cü ildə “Addım” gənclər təşkilatının təşkilatçılığı ilə Bakının prestijli əyləncə məkanı “Pasifico club”da “Atropatena” adlı moda nümayişim baş tutub. Eksklüziv olaraq Bakı sərgisi üçün hazırladığım klassik və milli elementlərlə zəngin 30-a yaxın geyimim nümayiş olundu.Bundan əlavə bir çox norveçli məşhurlar öz geyim seçimlərini mənim kolleksiyamdan edirlər. Ən böyük arzularımdan biri isə ana vətənimin birinci xanımının mənim bir geyimimi geyinməsidir.
- Moda nümayişləriniz zamanı publikaya hansısa bir mesaj verməyə çalışırsınız?
- Albanlarda “sənət sənət üçün deyil, sənət vətən üçündür” deyə bir deyim var. Bir azərbaycanlı, türk övladı kimi özümə borc bilirəm ki belə beynalxalq platformada müəyyən mesajlar verim. Təbii ki, bu mesajlar da mənim vətənimlə bağlı olmalıdır. Axı bu cür geniş tribunaya hər kəs çıxa bilmir. Nə qədər imkan olur dəyərləndirməyə çalışıram. Təkcə moda sahəsində deyil, gördüyüm hər bir işdə vətənimə olan sevgimi insanlara çatdırmağa çalışıram.


53524798_377974962757058_8107802355287719936_n.jpg (64 KB)


- Antaliyada təşkil olunan moda nümayişinizdə Qarabağa aid şüarın olması fikri necə yarandı?
- Bir necə gün əvvəl Xocalının 27- ci il dönümü idi. Ermənistan prezidentinin Tehrandaki görüşü zamanı açdıqları “Qarabağ bizimdir” şüarına biganə qala bilməzdim! Elə bu ideya da buradan yarandı. Və çox şadam ki bu ideyam müsbət qarşılandı. Yerli türk mediası, siyasi şəxslər və əməkdar incəsənət xadimi Fəxriyə xanım Xələfova mənim bu cəsarətimi alqışladı. Atam sevinc göz yaşı tökürdü. Gecənin ən parlayan ulduzu Azərbaycan “Best model” 1-cisi Şakir Əhmədzadə “Qarabağ bizimdir” sözləri altında səhnəyə çıxdı. Zaldan gələn alqışlar ilə arxa səhnədə sevinc göz yaşlarıma özüm belə zor hakim ola bildim.
- Bu moda nümayişindən sonra hansısa bir təzyiq, ya mənfi fikirlə qarşılaşdınız?
- Xeyr, qətiyyən. Əksinə, heç olmadığı qədər dəstək gördüm, xoş sözlər eşitdim. Gözü götürməyənlərin də gözünü çıxardım ki, Qarabağ bizimdir.

- Bəzən insanlar xarici ölkəyə getdikdə öz dillərini yadırğayırlar, amma siz Cənubi Azərbaycanda doğulmadığınıza, 7 dil bilmənizə rəğmən öz ana dilinizi də unutmamısınız.
- Dilimiz bizim mənəvi sərvətimizdir, ona görə dilimizi qorumaq hər bir azərbaycanlının müqəddəs borcu olmalıdır! Mən Norveçdə doğulub-böyüsəm də, valideynlərim evdə dilimizi qorumağa çalışıb. Təsəvvür edin ki, mənim valideynlərimin ikisi də fars dilində təhsil alıblar, xarici ölkədə yaşayıb öz dilini qoruyub saxlamaq çox çətin olsa da, mən dilimizi ailəmdən, atamın mənə aldığı kitablardan öyrənə bildim. Vətəninə bağlı insan heç vaxt öz dilini qoyub başqa dilə meyil etməz.


53113369_10155815647466121_871941733330452480_n.jpg (69 KB)


- Norveçdə moda fəaliyyəti ilə yanaşı, Oslo bələdiyyəsinin İmmiqrantlar şurasına seçilən ilk azərbaycanlı xanımsınız, eyni zamanda Norveçdə fəaliyyət göstərən “Can Azərbaycan” təşkilatının sədrisiniz. İkisi fərqli sahələrdir. Moda və siyasət. Çətin deyil?
- Zəhmət çəkmədən heç nə əldə edilmir, əbləttə ki, çətinlik var, ama mən stressiz bir həyatı təsəvür edə bilmirəm. Mən bu addımları atıram ki, bir gün mənə baxıb həvəslənsin, yaxşı nümunə kimi yadda qalım. Norveçlilərin düşüncəsində mənim xalqım müsbət reputasiyada olsun.
Əslində moda və siyasət iç-içədir. Məsələn, mən bir modelyer kimi sosial mesajlar göndərirəm, buda bir siyasətdir. “I’m a star in Qarabağ” sözlərinin fonda yayımlanması da moda ilə siyasətin çulğalaşması ildi əslində. Bu bir innovativ metoddur ki, insanlara daha çox təsir edir və diqqət cəlb edir. Mən hər zaman öz işlərimdə bu metoddan istifadə edirəm.


45502984_908287686045529_5750301227489427456_n.jpg (77 KB)

- “Can Azərbaycan” təşkilatı Norveçdə nə kimi fəaliyyətlə məşğuldur?
- Sosial ve ictimai fəaliyyətlər ilə məşğuluq. Azərbaycanımızı yüksək səviyyədə tanıtdırır, dostluq münasibətlərimizi gücləndiririk. Azərbaycana qarşı olan bütün neqativ təəssüratları ortadan qaldırmağa çalışırıq və bu yolda çoxlu uğurlar əldə edə bilmişik.


53746373_1135291476651190_8131601112672239616_n.jpg (123 KB)


- Gənclərimizə nə arzu edərdiniz?
- Həyatda heç nə zəhmət çəkmədən əldə edilmir. Zaman-zaman xəyallarımızın ardınca getmək çətin gəlir, amma insan özünə güvənməlidir, səbrli olmalıdır və bir az da zamana buraxmalıdır. Zəhmət çəkən hər bir insan ulduzdur, əlbəttə, bir gün parlayacaq. Həyat imtahanlarla doludur, onlar bizi güclü edir, hər düşüşümüzdən sonra daha güclü ayaqa qalxmalıyıq. Hər şey bir addımla başlayır, bu addımı necə atmağın çox önəmlidir, sağlam atılmış bir addım gələcək uğurun təməli deməkdir. Gənclərimizə sağlam addımlar arzulayıram.


40661183_2200956296598970_4369165621997338624_n.jpg (114 KB)


- Son olaraq məsafə uzaq olsa da, öz həmvətənlərinizə qarşı bu qədər doğma qaldığınız üçün sizə minnətdaram.
- Hər zaman...

Paylaş: