"O, mənə atamın əmanəti idi" – Namiq Məna kədərləndi
Tarix: 23-08-2017, 17:29


Tanınmış meyxanaçı Bayram Kürdəxanılının dəfn mərasimində bir çox sənət dostları iştirak edib. PrimeTime.Az xəbər verir ki, onlardan biri də meyxanaçı Namiq Məna olub. O, mərhum sənətkar haqda ürək sözlərini dilə gətirib və kövrəlib: "Bayram bu gözəl kəndin yetirməsi, özünə hörmət edən sənətkar idi. Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Xəstəxanada yanında idim, o vəziyyətdə gördüm. Bayramla 30 ilin dostu idik. Hər zaman deyirdik ki, bizi sənət birləşdirmir. Ailəvi gediş-gəlişimiz var idi. Çox fərqli səs tembri var idi. Elə vaxt olub onun səsi ilə yuxuya getmişəm. Allah ona fərqli və qeyri-adi istedad vermişdi. Zamanında mən də Bayramdan bəhrələnmişəm. Daxilində öz dərdləri var idi. Cavan ikən ziyalı qardaş və bir bacı itirmişdi. Biz onunla dünən 1 saata yaxın danışmışdıq. Sumqayıta məclisə gəlmişdi. Mənə dedi ki, studiyada bir-iki mahnı yazdırmaq istəyirəm. Onun studiya yazıları ancaq mənimlə olan yazılardır. Məşədibabanı itirdik, Nizami Rəmzini itirdik. Bayramı da onun kimi... Bayram çox savadlı idi - tarixi, ədəbiyyatı dərin bilirdi. Necə ki, musiqi dünyamızda Habil Əliyev var idi, lətifələri, sənəti ilə yaddaşlarda qaldı. Bayram da meyxana dünyasında eyni idi. Bayram Nizami Rəmzi məktəbinin yetirməsi idi. Mən də, sənət yoldaşlarım da ondan çox bəhrələnib. Bayramı itirmək heç vaxt ağlıma gəlməzdi. Bu yaxınlarda dedim "Bayram, özündən müğayət ol". Söz verdi ki, edəcək. Bayram mənə atamın əmanəti idi. Atam onu öz oğlu kimi görürdü. Atamın əmanətini qoruya bilmədim... Çox təəssüf... Hər zaman gəlib evdən götürürdüm, birlikdə el şənliklərinə gedirik. Bu gün isə onu son mənzilə yola salmağa gəlmişəm. Bu mənim üçün çox ağırdır".

Paylaş: