Xalq artistləri: "Sənət adamları bu qərarı alqışlayır"
Tarix: 12-03-2019, 12:31



"Martın 1-də Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi görüşdə mən də iştirak etmişəm. Həmin görüşdə qaldırılan bütün problemlərlərlə bağlı cənab prezident söylədi ki, hər biri araşdırılıb, müsbət qərarlar qəbul olunacaq. Həqiqətən də, 12 gündür müsbət dəyişikliklərin olduğunun birlikdə şahidiyik."
Bu sözləri Azərbaycanın xalq artisti, görkəmli xanəndə, professor Mənsum İbrahimov Open.az-a açıqlamasında bildirib.
O söyləyib ki, martın 11-də prezident İlham Əliyevin imzaladığı sərəncam müsbət hadisədir və gələcəyə doğru atılan gözəl qərarlardan xəbər verir: "Ötən gün teatr və konsert müəssisələrində çalışanlar işçilərin maaşları 50% artırıldı. Bu, çox böyük, müsbət hadisədir. Bu sahədə çalışanlar sosial problemlər ucbatından əziyyət çəkirdi. Ona görə mən bu qərarı alqışlayıram və cənab prezidentə təşəkkürümü bildirirəm. İlham Əliyev Azərbaycan dövlətinin büdcəsi artdıqca bundan bütün vətəndaşların yararlanacağını dedi. Bu çox gözəl işdir. Mən, 30 ildən çoxdur Opera Teatrının solistiyəm. Sözügedən qərar birbaşa mənə də aiddir. Amma sənət dostlarımın hamısının maaşlarının artması məni xüsusilə çox sevindirir. Şəxsən özüm və incəsənət xadimləri adından cənab Prezidentə çox minnətdaram."
Bu sərəncama münasibətini bildirən xalq artisti, kinoaktrisa Həmidə Ömərova da dostları adına çox sevindiyini deyib: "Bütün teatr aktyorlarının yerinə onlardan çox sevinirəm. Çünki onların arasında çoxlu dostlarım var. Dostlarımın bayramı, sevinci mənim də bayramım deməkdir. Mən, İncəsənət Universitetində dərs deyirəm. Konkret bu təhsil ocağından maaş alıram. Həmçinin seriallarda çəkilirəm, müqavilə ilə teatrda tamaşa oynayıram. Belə fərmanların verilməsi sənət adamlarının rifah halının yüksəlməsinə birbaşa səbəb olacaq".
Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin ediləcək.

Paylaş: