“İndi çiyinlərimizə daha böyük yük düşür...”
Tarix: 12-03-2019, 08:56



“Azərbaycanda geniş yayılmış bir stereotip var ki, sovet dövründə çəkilən filmlər daha yüksək səviyyəli idi, müstəqillik illərində kinemotoqrafiya zəifləyib. Əslində mübahisəli fikirdir. Müstəqilliyin ilk dövrlərində çox yaxşı filmlər çəkilib. Lakin doğrudursa, indi kinomuzun, bütövlükdə mədəniyyətimizin çiyinlərinə daha böyük vəzifələr düşür”.
Bu fikirləri “Yeni Müsavat”a əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayev prezidentin mədəniyyət xadimləri ilə görüşü, sonrakı gedişat, kino sənayesinə dövlət tərəfindən 5 milyon manat ayrılması haqda danışarkən bildirdi. Onun fikrincə, müstəqil ölkənin müstəqil kinosunu və mədəniyyətini yaratmaq lazımdır: “Mən özüm geniş məqalə hazırlayıram. Kinoya ayrılan maliyyə çox yaxşı vəsaitdir, yaxşı filmlər çəkmək olar. Sadəcə, qarşıda məqsəd dayanmalıdır. Əfsus ki, kinoda elə adamlar var ki, SSRİ həsrəti ilə yaşayır, məsuliyyəti dərk eləmək istəmirlər. Mən bunu belə bənzədərdim: yataqxanada yağ-çörək yeməkdənsə, öz mənzilində yavan çörək yemək yaxşıdır”.
Rejissor Azərbaycan kinosunun hansı mövzulara müraciət etməli olduğunu açıqladı: “Dəfələrlə demişəm ki, İran filmi heç nədən xaruqələr yaradır, səviyyəli filmlər çəkir. Məsələn, əsgər Fərhadi kiçik mövzudan böyük filmlər çəkir. Təbii ki, biz İran kinosunun təsirinə düşməməliyik. İndi zamanı, dövrü filmdə əks etdirməliyik. Zənnimcə, dünya problemləri ilə yaşayan azərbaycanlı obrazı yaratmaq istəyərdim. Ümumiyyətlə, bu, təkcə kinoya aid deyil, mədəniyyətə aiddir, sənətkar öz ilahi missiyasını dərk eləməlidir, müstəqil mədəniyyətin yaradılması məsuliyyəti olmalıdır. Mən sizə bir məsələni deyim, kinoya kimlər ki, sadiq qaldılar, onlar doğmalaşdı. Mən özümü bu ailənin bir üzvü kimi hiss edirəm. Ona görə də müstəqil mədəniyyətin üzərinə yük düşür, gələcəyə cəsarətlə baxmaq lazımdır”.
A.Salayev prezidentin kinoya ayırdığı maliyyədən sonra kinostudiyada müzakirələr aparıldığını bildirdi. Bundan sonra hansı filmlərin çəkiləcəyi məlum olacaq.

Xalq artisti, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktrisası Afaq Bəşirqızı qəzetimizə bildirdi ki, artıq prezident tərəfindən üç sərəncam verilib: “Mən xahişimi elədim, problemləri dilə gətirdim, sağ olsun cənab prezident, nəzərə aldı. Artıq aktyorların maaşının artırılması gözlənilir, mənzillərlə təmin olunması istiqamətində işlər həyata keçirilir. Mən bu barədə çox danışmağı sevmirəm. Dövlətimizin rəhbərindən xahiş elədim, o da sərəncamlar verib, addımlar atılır”.

Tanınmış xanəndə, xalq artisti Nəzakət Teymurova 525.az-a bildirib ki, ilk dəfə idi belə bir açıq, səmimi mühitdə görüş baş tuturdu: “Yəni bu görüşdə daha çox məhz mədəniyyət və incəsənət adamlarının özlərinin öz dillərindən onları düşündürən, narahat edən məsələlər, onların daşıyıcısı olduğu sahənin problemləri, həllini gözləyən məqamlar dinlənilirdi. Özünüz də şahidsiniz ki, illərdir Azərbaycan muğamının, Azərbaycan mədəniyyətinin inkişafı, dünyaya yayılması ilə bağlı hansı işlər görülür. Bununla yanaşı, müəyyən məsələlər var ki, onlar da həllini gözləyir və bu görüşün gözəlliyi də onda idi ki, məhz həmin məqamları, məsələləri dilə gətirmək, qeyd etmək üçün tam açıq, səmimi bir şərait yaradılmışdı”.

Xalq artisti Mənsum İbrahimov deyib ki, AzTV-də bir qədər canlanmaya ehtiyac var: “Bayağı musiqilər, bayağı musiqiçilər, bayağı söhbətlər daha çox özəl kanallarda olur, baş verir. İnsanlar da bununla bağlı zaman-zaman öz narahatlıqlarını, etirazlarını ifadə edirlər. Bu baxımdan, artıq özəl kanallarda da belə bədii şuralara ehtiyac var. Bununla yanaşı, görüşdə gənclərin, gənc sənətçilərin, xüsusilə aktyorların durumu dilə gətirildi. Çünki digər sahənin insanları ilə müqayisədə kino sahəsinin insanları bir qədər çətin durumdadır, əməkhaqları istənilən səviyyədə deyil. Onlar əslində çox fədakar insanlardır. Bu baxımdan onların da məsələləri dilə gətirildi və dövlət başçısı tərəfindən diqqətə, qeydə, nəzərə alındı. Ona görə hesab edirəm ki, bu görüşün Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında çox böyük rolu olacaq”.
Qeyd edək ki, görüşdə iştirak edən Tahir və Cabir İmanov qardaşlarının bəstəkar Süleyman Ələsgərovun adına küçə verilməsi barədə prezidentin tapşırığı olub və küçə seçimi edilir. Bəhram Bağırzadənin Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması təklifi qəbul olunub, yer seçimi üçün müzakirələr gedir. Mədəniyyət naziri Əbülfəs Qarayevin sözlərinə görə, bu formatda keçirilən görüşdə hansısa mədəniyyət və ya incəsənət xadimi kənarda qalıbsa, onlardan üzr istəyir, növbəti dəfə mütləq nəzərə alınacaq.

Paylaş: