Dövlət başçısı ilə görüşdə iştirak etməyən incəsənət xadimlərindən dəstək: “Prezident onları ora tərif üçün yığmamışdı”
Tarix: 6-03-2019, 09:27



Xəbər verildiyi kimi, martın 1-də Azərbaycan prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü olub.
Görüşdə Azərbaycanda mədəniyyət sahəsində görülən işlər, mövcud vəziyyət və gələcək planlar müzakirə olunub. Həmçinin, mədəniyyət xadimlərinin təklif və çıxışları dinlənilib. Ölkə ictimaiyyəti tərəfindən böyük marağa səbəb olan bu görüş digər incəsənət xadimləri tərəfindən də rəğbətlə qarşılanıb. 
Cebhe.info-ya danışan mədəniyyət xadimləri Prezidentin bu addımını yüksək qiymətləndiriblər.  
Əməkdar artist Füzuli Hüseynovun sözlərinə görə, belə görüş ildə bir dəfə keçirilsə, çox yaxşı olar: “Belə olan təqdirdə camaat dərdini rahatlıqla deyə bilər. Bu cür görüşlərin daha məhsuldar olmasını arzulayıram. Tez-tez keçirilməsi hər halda teatrlarımız üçün inkişaf olardı. Mən orada iştirak etsəydim, ilk növbədə teatrlara qoyulan verginin götürülməsini, işıq, qaz, istiliyin qiymətinin 50 faizə endirilməsini təklif edərdim. Eyni zamanda kino sahəsinə diqqətin daha da artırılmasını istəyərdim”. 
Akademik Musiqili Dram Teatrının aktyoru, xalq artisti Novruz Qartal da görüşdən razıdır: “Prezident sağ olsun ki, sənət adamlarını bir yerə toplayıb, onların dərdinə şərik çıxıb. Çıxışlar da gözəl oldu. Bizim teatrdan Afaq xanım iştirak etdi. Cənab Prezident bizim teatra akademik statusu verdi. Həmçinin əməkhaqqının artırılması və digər addımlar təqdirəlayiqdir. Çünki müstəqil, demokratik Azərbaycanın sənətçiləri hər zaman yaxşı yaşamalıdırlar. Vaxtilə ulu öndərimiz Heydər Əliyev də teatrlara çox böyük qayğı göstərib. Yaxşı bilirsiniz ki, onun əli hər zaman aktyorların çiynində olub və bütün problemlərini həll edib. Əlbəttə ki, İlham Əliyev də dünyaşöhrətli şəxsiyyətin oğludur. Bu, belə də olmalıdır. Günü-gündən gözəlləşən və inkişaf edən Azərbaycanımızın insanları da gözəl yaşamalıdır. Yəqin bundan mənə də qoca vaxtımda pay düşər. Görün, ölkə başçımız bizim mədəniyyəti haralara qaldırdı. Dünya Azərbaycanı mədəniyyət ocağı kimi tanıyır. Bizim zəngin incəsənətimiz və mədəniyyətimiz var. Mən Prezidentimizi alqışlayır, dəstəkləyir və ona can sağlığı arzulayıram”. 

Xalq artisti Bəsti Cəfərova qeyd edib ki, görüşdə iştirak edən mədəniyyət xadimləri bütün incəsənət aləminin adından istəklərini dilə gətiriblər: “Oradakı mötəbər insanlar da ümumi dərdlərimizdən danışdılar. Məncə, kifayət qədər problem qaldırdılar və istəklərini bildirdilər. Cənab Prezidentimiz və onun xanımı heç bir təklifə, çıxışa biganəlik göstərmədi. Orada qaldırılan problemlərin hər birinə ayrı-ayrılıqda cavab verdilər. Dəxli yoxdur, mən oldum, olmadım. Orada olan bütün sənət adamlarını alqışlayıram. Sənət aləmi də, dərdlərimiz də eynidir. Prezidentin bu addımını da yüksək dəyərləndirirəm”. 

Xalq artisti Valeh Kərimovun fikrincə, görüş Prezidentin incəsənət aləminə olan qayğısından xəbər verir: “Mən bu görüşü çox yüksək qiymətləndirirəm. Görüşü televizorda izləyirdim və çox sevinirdim. Elə bilirdim ki, oradaydım. Ən çox da Afaq Bəşirqızının, Fərhad Bədəlbəylinin və Bəhramın yeni fikirlərlə çıxış etməsinə sevindim. Tərifi hər zaman deyirik. Prezident də incəsənət adamlarını ora tərif üçün yığmamışdı. Yığmışdı ki, bizim problemlərimizi, qayğılarımızı bilsin. Ona görə də həmin şəxsləri alqışlayıram ki, yerində təkliflər verdilər. Buna şad oldum və onlara “sağ ol” deyirəm”. 

Paylaş: