“Son hadisələr göstərdi ki, ölkə başçısı xəbərdar olduğu problemləri anındaca həll edir”
Tarix: 6-03-2019, 09:07



Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev teatr sənətinin inkişafı ilə bağlı növbəti sərəncam imzalayıb. Sərəncama əsasən Mədəniyyət Nazirliyinə, eləcə də ölkəmizdə fəaliyyət göstərən teatrlara böyük miqdarda maliyyə vəsaiti ayrılıb.
Ölkə başçısının məlum addımı sənət adamları tərəfindən məmnunluqla qarşılanıb.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən xalq artisti Nurəddin Mehdixanlı bu kimi sərəncamların teatr sənətinin inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:
“Ölkə başçısının bu sərəncamı teatr sənətinin inkişafına çox böyük təkan olacaq.
Prezidentin mədəniyyət işçiləri ilə görüşündən 3 gün sonra sərəncam verildi. Kino və teatr sahəsinə maliyyə ayrıldı. Bu, o deməkdir ki, dövlət başçısına təkliflər çatdırılanda, çətinliklərlə bağlı məlumat veriləndə, bütün bunlar anındaca həll olunur.
Dövlət başçısı mədəniyyətimizin inkişafında maraqlıdır və bunu istəyir. Sadəcə, bu sahənin adamları, peşəkarlar lazımi problemləri qaldırmalıdırlar. Bu görüş və onun ardınca verilən sərəncamlar göstərdi ki, qaldırılan bütün problemlər öz həllini tapır. Bu mənada məlum sərəncam dövlət başçısıın mədəniyyətimizə diqqət və qayğısıının nümunəsidir. Biz isə bunun əvəzində yaxşı kinolar çəkməli, tamaşalar hazırlamalıyıq. Hesab edirəm ki, bu, belə də olacaq”.

Paylaş: