“Ögey ana”dan “Fəryad”a uzanan yolun yolçusu...
Tarix: 5-03-2019, 12:37



Uşaqlıqdan Azərbaycan kinosunun sehrinə düşən, “Ögey ana”nın balaca İsmayılını “Fəryad”ın döyüşçü İsmayılına çevirən tanınmış aktyor, istedadlı rejissor Ceyhun Mirzəyevin anım günüdür.
Open.az xatırladır ki, Ceyhun Mirzəyev 46 illik qısa ömür yolunda “Fəryad”a doğru uzun yol qət edib.
Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya gəlib.
Atası Cəmil Mirzəyev 1898-ci ildə Şuşa qəzasının Gülablı kəndində anadan olmuşdu, Şuşa real məktəbini bitirmiş, Gəncə zabitlər məktəbini tamamlamışdı.
Ceyhunun atası, Cəmil Mirzəyev Azərbaycan Demokratik Respublikasının milli ordusunda zabit kimi xidmət etmişdi.
1938-ci ildə qanunsuz əmrləri yerinə yetirmədiyinə görə orqanlardan xaric edilən Cəmil Mirzəyev 1951-ci ildə vəfat edəndə Ceyhunun 5 yaşı var idi.
Ata həsrəti, nisgili ilə böyüyən Ceyhun Mirzəyevin şəxsi kədəri, sonralar yaradıcılığına hopdu.
Ömrünün 35 ili kinoda keçən Ceyhun Mirzəyevin, Tofiq Tağızadənin ekranlaşdırdığı "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi.
On iki yaşı olanda isə "Ögey ana" filmində çəkilməyə dəvət alır. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinini bitirdikdən sonra, Moskvada təhsilini davam etdirib.
Kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub.
Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.
Ceyhun Mirzəyevin kinoda son filmi “Fəryad” oldu. “Fəryad”,Ceyhunun həyatda da sonuncu naləsi, axırıncı fəryadı oldu.
Ceyhun, ona ölümü bahasına başa gələn filminin premyerasını görə bilmədi.Filmin montaj vaxtı studiyada özünü pis hiss edən Ceyhunu evə güclə çatdırırlar.
1993-cü ildə ürək tutmasından vəfat edən Ceyhun Mirzəyev Yasamal qəbiristanlığında torpağa tapşırılıb.



“Ögey ana”dan “Fəryad”a uzanan yolun yolçusu...
“Ögey ana”dan “Fəryad”a uzanan yolun yolçusu...
“Ögey ana”dan “Fəryad”a uzanan yolun yolçusu...
“Ögey ana”dan “Fəryad”a uzanan yolun yolçusu...

Paylaş: