Xalq artistləri Prezidentə təşəkkür etdilər - "Sevincimizin həddi-hüdudu yoxdur"
Tarix: 5-03-2019, 11:59



Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200 min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100 min manat ayrılıb.
Tanınmış aktyorlar, xalq artistləri Azərbaycan teatr sənətinə göstərilən dövlət qayğısına görə, prezident İlham Əliyevə təşəkkür ediblər.
AzNews.az həmin fikirləri təqdim edir.
Azərbaycan Dövlət Musiqili Teatrın aktrisası, xalq artisti Afaq Bəşirqızı:

“Bilmirəm, prezidentə necə təşəkkür edim? Prezidentlə görüşdə mənim qaldırdığım problemin böyük bir hissəsi ilə bağlı artıq sərəncam imzalanıb. Bu sərəncam incəsənət aləmi üçün böyük bayramdır. Teatr aktyor üzərində qurulub. Mən inanıram ki, prezidentim görüşdə qaldırdığımız bütün məsələləri həll edəcək. Biz prezidentdən teatr sənəti üçün böyük işlər gözləyirik. Prezident teatrlara pul ayırdı, maddi dəstək verdi. Bilirsiniz ki, teatrlarda quruluş verilən tamaşalar hamısı xərcdir, ağır dekorlar hesabına başa gəlir. Sevindiyimdən uçuram, inanıram ki, qarşıdakı günlərdə aktyorların maaşlarının artırılması məsələsinə də baxılacaq. Bayramda hamı öz ocağının başında sevinəcək. İnsan kreslo ilə gozəlləşmir. Adam özü kresloya, kabinetə gözəllik verməlidir. Bu, mənim vətəndaş borcum idi. Həyatımda heç vaxt qızarmamışam, yalan danışmamışam, riyakar olmamışam. Alnım açıq, üzüm də ağdır”.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimova:

“Axşam prezidentin teatrların inkişafı ilə bağlı sərəncamını eşitdim, çox sevindim. İnanıram ki, maaşlarımız haqqında da sərəncam olacaq. Bu bayramda hamı sevinəcək. Bunu çoxdan gözləyirdik. Öz adımdan deyirəm, sevincimin həddi-hüdudu yoxdur. Buna görə prezidentə dərin təşəkkürümü bildirirəm”.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Ağaxan Salmanlı:

“Prezidentə dərin təşəkkür edirəm. Teatrlara dövlət dəstəyi lazımdır. Teatrlara dövlət dəstək verməsə, inkişaf edə bilməz. Çünki teatrın da kommunal xərcləri var, işıq, qaz və su pulunu ödəmək lazımdır. Bu sərəncam teatrlara böyük bir dəstəkdir. Kaş hər il belə sərəncam olsun. Prezident sənət adamları ilə görüşəndə bir ifadə işlətdi. Dedi ki, yaxşı olardı ki, sponsorlar teatra, incəsənət müəssisələrinə dəstək olsunlar. Teatr canlı sənətdir, eyni zamanda cəmiyyətə lazımlıdır. Amma teatr bu gün öz-özünü maliyyələşdirə bilmir. Teatrlara maddi dəstək verilsə, o zaman problemlər həllini tapar, incəsənət də inkişaf edər”.

Paylaş: