"Bu adam gəncdir, ən əsası AzTV-də kök salmış rüşvət sistemi ilə bağlı deyil..."
Tarix: 23-02-2019, 10:26



Televiziya işi bir sistem kimi mürəkkəb, çoxpilləli və çoxşaxəli olduğundan indi AzTV-də gedən prosesləri  birmənalı qiymətləndirmək, hər hansı nəticə barədə danışmaq çətindir”. 

Bu sözləri müsavat.com-un debat proqramında çıxış edən professor Qulu Məhərrəmli söyləyib. 

O bildirib ki, son bir ayda yeni layihələr barədə danışılması və aparılmış bəzi kadr dəyişiklikləri ümid yaradır, amma problemlər də var:

"Məsələn, “Telefilm” və Dublyaj birliyinin rəhbəri, keçmiş sədr Alışanovun yaratdığı rüşvət və maliyyə saxtakarlığı sisteminin əsas fiquru olan Səyavuş Məmmədovun işdən çıxarılması yaxşı addımdır. Amma adı rüşvətdə hallanan və buna görə də əvvəllər işdən çıxarılmış Bəxtiyar Qaracanın yenidən AzTV-yə məsul vəzifəyə gətirilməsi təkcə bu yaxşı təəssüratı korlamır, həm də ortaya bəzi suallar çıxarır".

Televiziya tənqidçisi hazırda sədr vəzifəsini icra edən Rövşən Məmmədov barəsində də danışaraq deyib ki, “bu adam gəncdir, ixtisasca jurnalistdir, ən əsası AzTV-də kök salmış rüşvət sistemi ilə bağlı deyil. Bütün bunlar ölkənin əsas TV-sinin yayımında müəyyən dəyişikliklərin aparılacağına ümidlər oyadır”. 

Debatda İTV-nin fəaliyyətinə də münasibət bildirən Q.Məhərrəmli deyib ki, ölkə ictimaiyyətinin bu kanaldan da ciddi gözləntiləri var. O, “bacarıqlı prodüser, yaxşı menecer və intellektual şəxs” kimi tanıdığı baş direktor Balaş Qasımovun bu gözləntiləri doğruldacağına əminliyini ifadə edib.

Paylaş: