“Eurovision” finalçılarımızı tanıyaq: Kimisi “Yeni ulduz”dan, kimisi isə...
Tarix: 18-02-2019, 18:07



Bu il “Eurovision” mahnı müsabiqəsi İsrailin paytaxtı Təl-Əvivdəki "Ekspo" Mərkəzində keçiriləcək. 42 ölkənin iştirak edəcəyi yarışmanın yarımfinalları mayın 14-də və 16-da baş tutacaq. Böyük final gecəsi isə mayın 18-də keçiriləcək. Azərbaycan təmsilçisi ikinci yarımfinalda çıxış edəcək.
Bəs, ölkəmizi “Eurovision”da kim təmsil edəcək?
İctimai Televiziya “Eurovision 2019” yarışmasında ölkəmizi təmsil edəcək sənətçinin müəyyənləşməsi üçün keçirdiyi kastinqdə 4 finalçı – Tofiq Hacıyev, Çingiz Mustafayev, Ləman Dadaşova və Samirə Əfəndini seçərək, ictimaiyyətə təqdim edib.
Televiziyadan bildirilib ki, 4 ifaçıdan kimin və ya kimlərin “Expo” səhnəsində çıxış etməyə haqq qazanacağı mart ayında bəlli olacaq.
Musavat.com “Eurovision” finalçılarını daha yaxından tanıtmaq üçün  onlar barədə yazı hazırlayıb.
Müğənni Çingiz Mustafayev 1991-ci ilin mart ayının 11-də Moskvada anadan olub. Sovet İttifaqıdağıldıqdan sonra o ailəsi ilə Qazaxa  köçüb. Atası da musiqiçi olan Çingiz uşaq yaşlarında musiqi alətlərində ifa etməyi öyrənib. “Yeni ulduz” müsabiqəsinin seçim turunda gitara ilə “Faytonçu” mahnısını oxuyan Çingiz ifası ilə 1 günün içində məşhurlaşıb. O daha sonra bir çox müsabiqələrə qatılıb. Müğənni “Qolos kraini” şousunda iştirak edib. Mustafayev səhnəyə çıxaraq, “Bamboleo” mahnısını ifa edib və hər kəsi özünə heyran edib.
İfaçı 2012-ci ildə “Palmas” musiqi qrupunu yaradıb. Hazırda həm solo, həm də qrupla birlikdə yeni işlər görür. “Eurovision” təmsilçisi olaraq adı açıqlanan ifaçı artıq xarici görünüşünə görə xarici ölkələrdə diqqət çəkməyi bacarıb. Onun haqqında bir çox saytlarda yazılar yazılıb.
Müğənni Samirə Əfəndiyeva 1991-ci ilin aprelin 17-də Bakı şəhərində hərbçi ailəsində anadan olub. 1994-cü ildə Oqtay Zülfüqarovun rəhbərliyi altında Uşaq Filarmoniyasının solisti olub. Həmin illərdə "Cücələrim Rəqs Ansamblında" milli rəqs dərsləri alıb. 2009-cu ildə ATV-də yayımlanan “Yeni ulduz” yarışmasında iştirak edib. 2014-cü ildə “İctimai” televiziyada
yayımlanan “Böyük səhnə” musiqi yarışmasının finalçısı olub. 2015-2016-cı illərdə  “Səs Azərbaycan”  ( The Voice Azerbaijan ) yarışmasının finalçısı olub.
 
Müğənni Tofiq Hacıyev 1991-ci ilin 12 dekabrında Bakı şəhərində anadan olub. Orta məktəb illərində Xətai Rəqs ansamblında rəqs təhsili alıb və festivallarda iştirak edib. 2009-cu ildə məktəbi “Fərqlənmə” və “Tərifnamə” ilə bitirib. Həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram rejissorluğu" fakültəsinə daxil olub. Azərbaycanda keçirilən ilk “The Voice” yarışında "Görmədən dinləmələr" mərhələsində 4 münsifi də özünə tərəf döndərə bilib və 4/1 final mərhələsinə kimi yüksəlib. Azərbaycanın tarixində ilk dəfə keçirilən uşaq müziklı "Ələddin"-də "Yago" obrazını canlandırıb.
2018-ci ilin dekabrın 17sindən etibarən MTV Azərbaycan kanalında "3 Canlı" verilişində Səbinə Qafarova ilə birgə aparıcıdır.
Müğənni Ləman Dadaşova adını “Səs Azərbaycan” yarışması ilə tanıdanlardandır. İfaçı yarışmanın “Görmədən dinləmələr” mərhələsində ifası ilə Tünzalə Ağayeva və Faiq Ağayevi özünə tərəf döndərə bilib. İfası qədər görünüşü ilə də diqqət çəkən iştirakçının öncə oğlan olduğunu düşünsələr də, sonra onun qız olduğu məlum olub. Ləmanın imici münsifləri təəccübləndirib və eyni zamanda mediada da ifaçı diqqət mərkəzində olub.
Ləman 2017-ci ildə ilk klipini təqdim edib. O, sözləri və musiqisi Gövhər Həsənzadəyə məxsus “Tək deyiləm” mahnısına ekran həyatı verib. İfaçıya əməkdar artist Tünzalə Ağayeva da dəstək olub. Dadaşova ötən ilin mart ayında solo konsert proqramı ilə çıxış edib.

Paylaş: