Naibə Allahverdiyeva: "Bir yalanın qurbanı oldum"
Tarix: 12-02-2019, 17:01



Metbuat.az GTT-nin aparıcı aktrisası, xalq artisti Naibə Allahverdiyeva ilə olan müsahibəni təqdim edir:

- Atv də yayımlanan layihədə varsınız... Obrazınız da çox sevilir...Sizin bu haqda fikriniz?
- Bəli. Reytinqli bir layihədir. Gündəlik həyatda baş verən hadisələr öz əksini tapır. Mənim rolum çox maraqlıdır. Və bildiyimə görə çox sevilir. Ümumiyyətlə Atv kanalının bütün layihələri uğurludur.
- Teatrda vəziyyət necədi?
- Bilirsiniz ki, teatr hər bir aktyorun yaradıcılığında əsas yer tutur. Çünki canlı sənətdir... Və bu baxımdan teatra təsadüfi insanlar gələ bilməz. Kinoda isə bu mümkündür. Sonuncu tamaşam “Öldürsənə məni caniko” oldu. Və çox böyük uğur qazandı. Hazırda isə yeni tamaşalarımız hazırlanır. Məncə ən maraqlı rollar hələ qarşıdadır.
- Sizcə aktyor üçün yaş həddi var ?
- Xeyr. Yaş qətiyyən önəmli deyil. Bütün dünyada yaşlı aktyorlar çalışır. Mənim fikrimcə əsl aktyor elə “səhnədə” ölməlidir. Teatr incəsənət məbədidir. Onda elə bir maqnit var ki, insanı özünə dərhal cəlb edir.
- Televiziyaya münasibətiniz ?
- Məncə televiziya sadəcə reytinqə işləməməlidir. Burada əsas ölçü keyfiyyət götürülməlidir, kəmiyyət yox... Televiziya mənəvi-mədəni təbliğata yönəlməlidir. Amma təəssüf ki, sponsorları nəzərə alsaq, belə istisnalar çoxdur. Bununla yanaşı etiraf edim ki, belə səviyyəli, maarifləndirici proqramlarımız da var.Aztvdə“Sabah-Yaradıcılıq emalatxanası” bildiyimə görə yenidən fəaliyyətə başlayır. Bu da sənət adamları üçün sevindirici bir haldır.
- Bir aktrisa kimi çəkilən seriallarda görünmürsünüz, niyə?
- Məncə bu sualı rejissorlara yönətsəniz, daha doğru olar. Seriallara gəldikdə isə deyə bilərəm ki, bura təsadüfi aktyorlar daha çox cəlb olunur, nəinki professionallar. Lakin zaman hər şeyi ələkdən keçirir. Və əvvəl-axır keyfiyyət öz sözünü deyir.
- Sosial şəbəkələrə münasibətiniz ?
- Əlbəttə ki, düzgün istifadə edildikdə yaxşı. Amma çox təəssüf ki, bir çox insanlar qeyri-etik hərəkətləri ilə insanı qıcıqlandırır və gülməli burasıdır ki, hələ özlərini “Fenomen” də hesab edirlər. “Fenomen” böyük mənası olan sözdür. Qeyri-adi istedada malik olan, nə isə ixtira edən bir insan fenomen ola bilər. Bunu başa düşmək lazımdır. Bu gün özlərini “Fenomen-musiqiçi” hesab edənlər klassikanı da bərbad vəziyyətə salır. Nəticədə insanların musiqi zövqü korlanır. Mən onlara sadəcə “Manıs” deyirəm.
- Bu gün sənətdə sanki bir xaos əmələ gəlib... Sizcə bunun kökünü nədə axtarmaq lazımdır?
- Vaxtilə televiziyanın qapısına belə yaxınlaşa bilməyən insanlar, hazırda hər gün tamaşaçı zövqünü korlayır.Bayağı musiqi insanı bezdirir. Halbuki, bizim dünya şöhrətli sənətkarlarımız olub. Gənc nəsil məhz onlardan örnək götürməlidir. Bu xaosun yaranmasında təbii ki, bizim də günahımız var. Biz onlara baxmasaq, onları kanallara, məclislərə dəvət etməsək, onlar irəli gedə bilməz.
- Populyarlığı zərrə-zərrə qazanmısız... İndi isə bu çox ucuz başa gəlir... Buna münasibətiniz?
- Mən Naxçıvanda populyar aktrisa idim. Bu teatra məni inzibati işə götürdülər. Heç yadımdan çıxmaz, həsrətlə səhnədəki aktyorların oyununa baxırdım, Teatrın direktoru yanaşıb mənə dedi ki, “Ac pişik ətə baxan kimi, nə vaxta kimi belə baxacaqsan ?”. Bu söz mənim çox xətrimə dəydi və onun arxasınca dedim ki, “Hər zamanın bir hökmü var”...Əziyyətlə qazanılan uğurun ömrü uzun olur...
- Sizə həyatda nə stimul verir?
- Mən insanları sevirəm... Allah hər şeyi sevgiylə yaradıb. Xoşbəxtəm ki, uşaq saflığımı itirməmişəm. Və bunun müqabilində Allah həmişə mənə öz mükafatımı verir.Sənətim, gözəl insanlar, ailəm mənə böyük stimul verir. Yadıma gəlir ki, o vaxt küçəmizdə bir ruhi xəstə qadın vardı. Hamı ona daş atır, onu təkləyirdi. Mən onların qabağını kəsib,buna yol verməməyə çalışırdım. Hələ uşaq ikən dərk edirdim ki, gücsüz insana güc tətbiq olmaz. Həyat bumeranqdı... Heç kəs heç nədən sığortalanmıyıb...
- Yaddaşınızda iz salan maraqlı bir hadisə...
- Uşaq vaxtı, bir gün anama dedim ki,mənə kotlet hazırla. Anam isə hazırlamadı. Və məni dedi ki, “sabah bişirərəm”. Ağlayıb, isterikaya düşdüm, yerə yıxılıb qışqırmağa başladım ki, “qarnım sancır”. O dərəcədə ki, anam təcili yardım çağırmalı oldu. Məni xəstəxanaya apardılar, kor bağırsağımdan əməliyyat oldum. Gözümü açanda anamdan yenə kotlet istədim. Anam isə dedi ki, “Hələ bir neçə gün sənə yemək olmaz”. “Beləliklə özüm öz uydurduğum yalanın qurbanı oldum”...
- Ailədə vəziyyət necədi?
- Hazırda qızım ali savadlı mütəxəssis kimi çalışır. Bir ana kimi onunla fəxr edirəm. Çox iddialı xarakterə malikdir. Hər şeyi öz gücünə əldə etmək istəyir. Həyat yoldaşım isə ailədə hər ikimizə dəstəkdir.
- Sizi sevənlərə və sevməyənlərə sözünüz?
- Nə olursa olsun həyatı, insanları sevməyə davam edirəm. Və inanın hər kəsin uğuruna öz uğurum kimi sevinirəm. Məni sevənlərin də sevməyənlərin də canı sağolsun...

Paylaş: