AzTV-də çox maraqlı müsabiqələr keçiriləcək – Bədii Şura üzvündən məlumat
Tarix: 12-02-2019, 09:11



“Dövlət televiziyamızda mədəniyyətimizi, musiqimizi təbliğ etmək və tanıtmaq üçün bir çox müsabiqələr təşkil olunacaq”.

Bunu Moderator.az-a açıqlamasında bəstəkar, Xalq artisti, AzTV-nin Bədii Şurasının üzvü  Faiq Sücəddinov deyib.

O, Bədii Şuranın mədəniyyətimizə, televiziyamıza hansı yenilikləri gətirəcəyindən danışarkən deyib:

“Mədəniyyətimizi, musiqimizi təbliğ etmək və tanıtmaq üçün bir çox müsabiqələr təşkil olunacaq. Məşhur bəstəkarlarımızın - Üzeyir Hacıbəyov,  Fikrət Əmirov, Arif Məlikov, mənim və digər həmkarlarımın musiqilərinin ifasından ibarət  “Romans gecələri” müsabiqə olacaq. Qaliblər təbii ki, mükafatlanacaq.

Xalq artisti bunun son olmadığını, dövlət televiziyasında başqa maraqlı müsabiqələrin də keçiriləcəyini bildirib:

“Fortepiano, nəfəsli, simli alətlərdə ifa  müsabiqəsi olacaq. Estrada musiqilərindən ibarət müsabiqə də keçiriləcək. Bu gün bilirsiniz ki,  Azərbaycanda ssenarilər çox zəifdir.  Seriallar yazılır, çəkilir. Amma  özfəaliyyət səviyyəsindədirlər. 
Bu baxımdan, düşünürük ki, ssenari müsabiqəsi də təşkil edək. Ramiz Həsənoğlu kimi gözəl rejissorlarımızla mədəniyyətimizə xas olan ssenarilər alınacaq. Dediyim odur ki, yaxşı film və serial ssenarisinin də müsabiqəsi keçiriləcək. Televiziyamızı daha da maraqlı, baxımlı etmək üçün hər şeyin yaxşısını etməyə, təqdim etməyə çalışacağıq. Biz buna görə biz yığışmışıq”. 

Paylaş: