Xalq artistindən irad: “Bəzi ifadələr düzgün səslənmir, nitqdə qüsurlar var”
Tarix: 6-02-2019, 08:59



“Gənc aktyorlar arasında danışığında qüsur  olanlar da var, olmayanlar da... Əgər gənclər peşələrini yaxşı öyrənib,  gözəl mütəxəssis olmaq istəyirlərsə,  yaxşı iş də nümayiş etdirəcəklər. Bu şəxslərin  yaxşı nitqləri, diksiyaları da olacaq. Yox, sənətə, sadəcə, görünmək, tanınmaq üçün gəliblərsə, peşənin sirlərini öyrənməyiblərsə, təbii ki, onların qüsurları  istər nitq, istər aktyor oyununda  – teatr səhnəsində, istərsə də çəkiliş meydançasında və ya serialda, filmdə özünü göstərəcək”.


Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış aktyor Nurəddin Mehdixanlı deyib.


Xalq artisti özünün mükəmməl nitq qabiliyyəti və diksiyası ilə seçilən aktyorlardandır. Bəs, bu gün onunla eyni filmə çəkilib, eyni səhnəni bölüşən gənclərin hansı nitq problemləri var?


Qeyd edək ki, gənc aktyorların nitq qüsurları sosial şəbəkə, TV və onlayn mediada müzakirə edilir. Xalq artisti məsələyə münasibətdə iradlar üzərində çox köklənməyib:


“Kinoda, bədii filmlərdə bəzən aktyoru başqası səsləndirir. Amma seriallarda adətən özləri canlı olaraq, danışırlar. Danışıqlarında, vurğularında, fikrin çatdırılmasında, sözlərin doğru-düzgün ifadə olunmasında   kifayət qədər ciddi qüsurlar müşahidə olunur. 


Şəxs, ölkə, şəhər adlarının yanlış səslənməsi var.  Məsələn,  “məşhur” sözünü “məhşur” kimi yazırlar. Hətta bəzən qəzetlərdə, saytlarda da rast gəlirik. Bu şəkildə də ifadə olunur. “Yanlış” sözü var, yəni yalan-yanlış məsələsi... Yalan artıq yalandır, yanlış isə bilməyərəkdən səhv etmədir. Yanlış fikirdir, yanlış düşüncədir. Amma “yalnış” kimi həm yazır, həm deyirlər. “Məmnuniyyətlə” sözünü də “məmuniyyətlə” kimi tələffüz edirlər. “Məmuniyyətlə” deyilən bir söz yoxdur, axı. Və yaxud “saymamazlıq”, “çatışmamazlıq” sözlərini düzgün ifadə etmirlər. Düzgün forması “çatışmazlıq”, “saymazlıq”dır. Çox təəssüf ki, bəzən, hətta elmi, savadlı adamlarımız da bu şəkildə ifadə edirlər. Çox təəccüblənirəm ki, yəni bu adam dediyi sözün fərqində deyilmi?! “Saymamazlıq” demək yəni “saymazlığın” özünü inkar etmək deməkdir. Bu şəkildə çoxsaylı sözləri misal gətirmək olar. Şəhər adlarının, ölkə adlarının ifadəsində də yanlışlıqlara yol verilir, saymaqla bitməz. Öyrənməyə çalışmaq lazımdır. Kifayət qədər istedadlı, gözəl nitq qabiliyyəti olan uşaqlarımız, aktyorlarımız, aparıcılarımız var. Amma çox təəssüf ki, onlar çoxluq təşkil etmirlər. 


Lakin məhz onlar çoxluq təşkil eləməlidirlər! Çünki onlara  qulaq asan, dinləyən tamaşaçılar, oxucular, dinləyicilər düzgün danışıq formasını bu şəxslərdən öyrənməlidir. Yəni bu mənada gənc nəslimizin Azərbaycan türkcəsində doğru-düzgün danışmağını öyrənməsi üçün də bir vəsilə olarlar. 


Bir zamanlar bir televiziyamız var idi, ona da qulaq asırdıq.  Oradakı diktorların, o aparıcıların necə doğru-düzgün danışmağını bir dərs kimi öyrənirdik. Çox yaxşı bir təcrübə idi bu.


 İndi də bilməmək yox, öyrənməmək ayıbdır. Öyrəndikcə güclü olub, fikrini daha azad və sərbəst ifadə edə bilirsən. Bu mənada mən gənclərimizə öyrənmək, öyrənmək yenə də öyrənməyi tövsiyə edirəm, arzulayıram. Öyrəndikcə daha güclü olacaqlar, özlərini daha yaxşı ifadə etmək gücündə, imkanlarında olacaqlar. Uğurlar, öyrənmək və səbr arzu edirəm”.  

Paylaş: