"Tarixi şəxsiyyətlərin sözlərini təhrif etmək və utanılacaq vəziyyətə salmaq olmaz"
Tarix: 26-01-2019, 12:10



Bəzən müğənnilər tarixi şəxsiyyətlərin şeir və qəzəllərini dəyişərək musiqi bəstələdib oxuyurlar. Elə həmin bu mövzu ilə bağlı sosial mediada tənqid atəşinə tutulan məşhurlar da var.

Metbuat.az məsələ ilə bağlı bir neçə sənətçi ilə əlaqə saxlayıb və fikirlərini öyrənib.
Xalq artisti Nazpəri Dostəliyeva metbuat.az-a verdiyi açıqlamada ilk öncə musiqimizin pis vəziyyətdə olduğu və bunun hər kəsə bəlli olduğunu söyləyib.

Məsələ ilə bağlı onun fikirləri belə olub: “Sözsüz ki, böyük şairlərimizin əsərlərini digər millətlərin musiqisi ilə oxumaq düzgün deyil. Bilmirəm bunu kim edib və necə edə bilib.Mən bunu yaxşı qəbul etmirəm. Ən azından böyük şəxsiyyətlərimizin ruhuna hörmətsizlikdir. Özümüzün gözəl bəstə və bəstəkarlarımız var. Niyə öz musiqilərimiz olmasın ki?”

Əli Mirəliyev sərt fikirlər səsləndirərək bildirdi ki, tanınmış şairlərin sözlərini təhrif etmək olmaz. Həmin şeirlər altılık, səkkizlik, doqquzluq vəznlə yazılan şeirlərdir. Onlara əlavələr edildikdə sözün mənası da itir, musiqi bəstələndiyi zaman da sözlər notlarla üst-üstə düşmür. Ona görə də necə varsa olduğu kimi ifa etsinlər. İfa edə bilmirlərsə gedib müasir bəstəkarlardan oxusunlar. Tarixi şəxsiyyətlərin sözlərini təhrif etmək və utanılacaq vəziyyətə salmaq olmaz“.

Elza Seyidcahan Nəsiminin sözlərinə bəstələdiyi yeni kompozisiyası olduğunu söyləyərək əlavə edib:

“Bəzi insanlar var ki özləri yazıb, özləri bəstələyir, özləri də oxuyurlar. Ondansa eybi yox, qoy elə dahi şəxsiyyətlərimizin sözlərindən oxusunlar. Deməzdim ki, mən bunun əleyhinəyəm. Qoy o sözlər hər yerdə deyilsin, amma yaraşıb-yaraşmamaq məsələsi var. Həmin adamın musiqi savadı yoxdursa,o sözlərin sambalına uyğun musiqi bəstələməyibsə bu, artıq onun öz işidir. Mənim də Nəsiminin sözlərinə kompozisiyalarım var. Mən istəməzdim ki, mənim janrımı bayağı musiqilərlə eyni səviyyədə təhlil edəsiniz.”

Ədalət Şükürov: “Həmin şeirlərin müəllif hüqüqları yoxdur və əgər ki, bu, gözəl alınırsa mən burda bir qəbahət gözmürəm.”

Əlavə olaraq müğənni bildib ki, bəyənib bəyənməmək insanların öz şəxsi fikiridir, amma gözəl alınıbsa, buna heç kəs heç nə deyə bilməz.

Paylaş: