“O, böyük əsərlərin müəllifi olmaqla yanaşı, həm də sinəsi dağlı bir qadın idi...”
Tarix: 22-01-2019, 08:54



Dünən Şərqdə ilk opera yazan qadın bəstəkar, xalq artisti Şəfiqə Axundovanın doğum günü idi. Ş.Axundova 1924-cü il yanvarın 21-də Şəki şəhərində anadan olub. 26 iyul 2013-cü ildə dünyasını dəyişib. 

Moderator.az-a açıqlamasında əməkdar artist Aybəniz Haşımova Şəfiqə xanım haqqında xatirələrini danışıb:

“Şəfiqə xanım sənətdə çox böyük adı olan, fədakar xanım sənətkarlardan olub. Nə xoş mənə ki, sənətə başladığım gündən, son gününə qədər onunla sıx əlaqələrimiz olub. Ən əziz insan kimi bu ömrü yaşadıq. Onu çox sevirdim, vəfalıydı. Şad günündə hamı yanında ola bilər, amma çətin günündə hər adam yanında olmur. Şəfiqə xanım dar gündə hamıdan birinci adamın harayına gələn insan idi. Onun sənəti dünyayla bir olsa belə insan kimi həmişə təvazökar olub. Heç vaxt insanlardan özünü ayırmayıb. 

Bəzən olur ki, bir-iki mahnı yazan adam özünü elə aparır ki, sanki bu əlçatmazdır, amma Şəfiqə Axundova o boyda əsərlərin yaradıcısı ola-ola kövrək və sadə bir xanım olub. Ondan çox şey öyrənmişəm. Çalışmışam ki, onun insani keyfiyyətlərinin hamısını əldə edə bilməsəm də, nə isə götürüm. O, böyük əsərlərin sahibi olmaqla yanaşı, eyni zamanda ana kimi sinəsi dağlı bir qadın idi, dünyadan da belə getdi. Kaş ki, Allah tərəfindən onun kimi bir insana belə qadın taleyi yazılmayaydı, çünki o, insan kimi misilsiz insan idi”. 

Paylaş: