Doğmaları şəhid olan məşhurlar - Gülüstan, Elariz, Nadir...
Tarix: 22-01-2019, 08:53



Qarabağ savaşı başlayandan bu günə kimi döyüşlərdə minlərlə insan doğmalarını itirib. Doğmaları şəhid olan kifayət qədər məşhurlarımız da var. 

Moderator.az doğmaları şəhid olan məşhurlarla bağlı yazını təqdim edir: 

1. Xalq artisti Ramiz Novruzun Qarabağ savaşında əmisi oğlu, aprel döyüşlərində isə əmisi nəvəsi əsgər Fərahim Novruzov şəhid olub. 

2. Şair Zakir Fəxrinin qardaşı Kamil Sabitov da Qarabağ savaşında şəhid olub. Z.Fəxrinin “Sən kim idin, Kamil?” adlı yazısında onun haqqında bəhs edilir.

3. Xalq şairi Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli Qarabağda şəhid olub. O, 1991-ci ildə cəbhəyə yola düşüb və 1992-ci il yanvarın 31-i qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Xəlilbəyli Təbriz Rza oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. İki övladı yadigar qalan şəhidin Bakı şəhərində adına küçə verilib. 

4. Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov da Qarabağda şəhid olub. Bakı Dövlət Universitetinin məzunu olan Z.Əhmədov Cəbrayıl rayonu Polis İdarəsində cinayət axtarış şöbəsinin rəisi işləyib. 1991-ci ildə Cəbrayılda minaya düşüb. Onların Rüfət adlı bir oğlu yadigar qalıb. 

5. “Bülbüllər” qrupunun yaradıcısı, əməkdar artist Aybəniz Haşımova da Gülüstan Əliyevanın taleyini yaşayıb. Onun da həyat yoldaşı Xalid Quliyev Qarabağ savaşında şəhid olub. Cütlüyün Aynişan adlı qızı yadigar qalıb. 

6.  Müğənni Nadir Qafarzadənin qohumu gizir Novruzov Ravil Elman oğlu da aprel döyüşlərində qəhrəmancasına şəhid olub. N.Qafarzadə şəhidin dayısı olduğunu bildirib. 

7. Müğənni Elariz Məmmədovun da qardaşı Qarabağ savaşında itkin düşüb. E.Məmmədovun sözlərinə görə qardaşı döyüş meydanında qaldığı üçün onu çıxarmaq mümkün olmayıb. İndiyə kimi bunu analarından gizlətdiyini deyən müğənni, atasının oğluna görə 14 il saqqal saxladığını bildirib. 

8. Müğənni Təranə Qumralın qardaşı da Qarabağda şəhid olub. Müğənninin qardaşı Firdovsi Məmmədov milli ordumuzun ilk şəhidlərindən biridir.

9. Teleaparıcı Nanə Ağamalıyevanın qardaşı da şəhiddir. Bununla bağlı aparıcı özü də bir neçə dəfə efirdə danışıb.


Paylaş: