“Arşın mal alan” Ofeliya Aslanın 80 illiyinə həsr ediləcək
Tarix: 21-01-2019, 10:14



Yanvarın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” ikihissəli operettasının növbəti nümayişi respublikanın sevimli kino və teatr aktyoru Ofeliya Aslanın 80 illiyinə həsr ediləcək.
Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tamaşadan öncə sənətkarın mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq, sənət fəaliyyəti haqqında ətraflı məlumat veriləcək.
Səhnə əsərində rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva və Ruslan Mürsəlov ifa edəcəklər.
1983-cü ildə Mədəniyyət və İncəsənət Universitetini bitirən O.Aslanın Musiqili Teatrdakı ilk rolu “Durna” komediyasında Lalə obrazı olub. Bundan başqa, “Beş manatlıq gəlin”də Gülnaz, “Arşın mal alan”da Telli, “Hicran”da Çarliston, “Axırı yaxşı olar”da Dilbər, “Bankir adaxlı”da Səmayə və “Yol əhvalatı”, “Aktrisanın təbəssümü”, “Xoşbəxtlik qayğıları”, “Adı sənin, dadı mənim”, “Evləri köndələn yar” kimi filmlərdə və teletamaşalarda bir-birindən maraqlı , yaddaqalan obrazlar yaradıb. O, “Mozalan” satirik kinojurnalının onlarca nömrəsində çəkilib. Teatrın truppası ilə dünyanın müxtəlif şəhərlərində qastrol səfərlərində olan aktrisa daha çox Moskvanın Operetta Teatrında tamaşaya qoyulmuş Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin “Ana mən evlənirəm” əsərində Bibixanım rolu ilə tamaşaçı məhəbbəti qazanıb.

Paylaş: