“Cəlil Məmmədquluzadə əlyazmalarını sobaya ataraq yandırıb ki, uşaqları soyuqdan donmasın...”
Tarix: 19-01-2019, 10:50



Ölkə başçısı İlham Əliyev Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr verən söz ustası Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi məqsədilə sərəncam imzalayıb.

Məsələ ilə bağlı Moderator.az-a açıqlamasında sabiq millət vəkili, nasir Xeyrəddin Qoca bunun təqdirəlayiq olduğunu və Azərbaycan xalqının C.Məmmədquluzadə yaradıcılığına həmişə hörmətlə yanaşdığını bildirib:

“Rəhmətlik C.Məmmədquluzadə həyatdan gedəndə onu yerdən çox az adam götürmüşdü, dəfn edəndə isə böyük xalq kütləsi yığılmışdı. Lakin onun nekroloqunda imzalar gizlədilmiş, böyük yazıçı haqqında tənqidi fikirlər belə yazmağa “utanmamışdılar”. Amma baxın, qədirbilən xalqımız indi Mirzə Cəlilin, Sabirin heykəllərini ucaldırlar.  

 Satirik əsərlər yazan qələm sahibləri həmişə cəmiyyətin müxtəlif ünsürləri tərəfindən sıxışdırılıblar, təqiblərə və təzyiqlərə məruz qalıblar, mənfi tiplər satiriklərin həyatını zəhərə döndərməyə çalışıblar, çox vaxt da buna nail olublar. Məsələn, Cəlil Məmmədquluzadə qışda əlyazmalarını sobaya ataraq yandırıb ki, uşaqları soyuqdan donmasınlar. Dahi Mirzə Ələkbər Sabir sabun sataraq ailəsini dolandırmağa məcbur olub. 

Mirzə Cəlil yazır ki, “bir gün “Molla Nəsrəddin” məcmuəsinin birinci nömrəsi üçün hazır olmuş əlyazmalarını bir ziyalı dostumuza oxudum. Haman dostumuz əl yazılarının məzmunundan xəbərdar olub heç bir vəchlə onları çapa verməyi məsləhət bilmədi. "Heç bir mənası yoxdur. Heç kəs onları oxumaz" - dedi.  Ondan savayı yenə bir naxçıvanlı həmvətənimizə birinci nömrənin materiallarının bir neçə yerini oxudum. Bu da qoca bir teleqrafçı idi. Bu da materiallar barəsində belə rəy verdi, dedi: “Çox yaxşıdır, amma bircə eybi budur ki, sizin məcmuəniz müsəlmanların eybini göstərir; çifayda ki, müsəlmanları tərif etmir. Hər nə yazacaqsınız yazınız, amma müsəlmanları tərifləyin, müsəlmanların yaxşılığını yazın...”. 

Amma məcmuənin ilk sayını alanlar rəngli şəkillərə baxıb gülür, sonra məcmuəni döş ciblərində gizlədirlər ki, görən olmasın, aparıb evdə oxusunlar. Demək istəyirəm ki, xalqımız həmişə satiranı, yumoru maraqla qarşılayıb. Ona görə ki, bu insanlar öz eyblərini görəndə istər-istəməz gülürlər.  C.Məmmədquluzadə “Açıq ana dilində, açıq türk dilində yazmaq eyibdir; çünki yazanın savadının azlığına dəlalət edir” sözlərini yüz il bundan əvvəl yazıb. İndi Bakıda çoxları ana dilində danışmağa utanırlar, rus dilində danışırlar və bunu kübarlıq hesab edirlər”. 

Paylaş: