“Onunla bütün işləri həyata keçirmişik”
Tarix: 17-08-2017, 12:43


“Səhər tezdən ilk işim Azərbaycanın gözəl sənətkarı İlhamə Quliyevanın məzarını ziyarət etmək olub”.
Bunu AzNews.az-a açıqlamasında millət vəkili Novruz Aslan deyib. Deputat bildirib ki, İlhamə Quliyevanın məzarını rəhbərlik etdiyi “Aypara” cəmiyyəti və Xalq artistinin oğlu Orxan Nadirovla birlikdə ziyarət edib:
“Məqsədimiz İlhamə xanımın ruhunu şad etmək idi. İlhamə xanım böyük sənətkardır. Onun dəsti-xətti, incəsənətə qoyduğu iz illərlə deyil, əsrlərlə qalacaq. Nə qədər Azərbaycan var, İlhamə Quliyevanın da yaradıcılığı yaşayacaq. İlhamə xanım əvəzsiz bir sənətkar, çox gözəl bir dost idi. Mən İlhamə xanımın xatirəsini həmişə əziz saxlayıram və bundan sonra da saxlayacam”.
Novruz Aslan İlhamə Quliyevanı yaradıcılığının ən önəmli hissəsi hesab edir:
“Həyatımın ən gözəl mahnılarını İlhamə xanımla birgə yaradaraq onları cəmiyyətə çatdırmışıq. Sevinirəm ki, belə dahi insanla əməkdaşlıq eləmişik. Onunla 10-a yaxın musiqilərimiz olub, layihələr həyata keçirmişik. Baxıram ki, sosial şəbəkələrdə onun 30 il əvvəlki mahnıları dinlənilir. Bu çox vacib məsələdir. Allah rəhmət eləsin, bu gün onun doğum günüdür. Biz azərbaycanlı olaraq sevinməliyik ki, belə bir insan dünyaya gəlib, yaradıb. İlhamə xanım nə edibsə Azərbaycan mədəniyyəti üçün edib”.
Novruz Aslan onu da əlavə edib ki, mərhumla nəzərdə tutulan bütün işləri həyata keçiriblər:
“Heç bir yarımçıq işimiz qalmayıb. Yalnız məni üzən o oldu ki, İlhamə Quliyeva vaxtından çox əvvəl getdi”.

Paylaş: