AzTV-də olan çatışmazlıq və kadr dəyişikliyi... - MTRŞ eksperti
Tarix: 17-01-2019, 11:52



Əlbəttə ki, AzTV-nin işinin daha da təkmilləşdirilərək, müasir tələblər səviyyəsində qurulması ölkədə KİV sektorunun inkişafı baxımından vacib əhəmiyyətə malikdir.
Bu sözləri Axar.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, AzTV Azərbaycanın KİV sektorunda ən nəhəng strukturdur:
“AzTV yarandığı gündən indiyədək Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında, Azərbaycan ədəbi dilinin inkişaf etdirilməsində mühüm rol oynayıb. Müasir mərhələdə də Azərbaycan Televiziyası cəmiyyətdə, ölkəmizin informasiya məkanında vacib təsisat funksiyasını qoruyub saxlamaqdadır. Bu gün ölkəmizin milli efir məkanında xeyli sayda telekanal mövcud olsa da, AzTV ucuz şoudan uzaq olmaqla, cəmiyyətin informasiyaya və maarifçiliyə olan ehtiyaclarının ödənilməsində mühüm rola sahibdir. Məsələn, dövlət büdcəsindən maliyyələşən kanal olaraq AzTV cəmiyyətin ehtiyacı olan proqram və verilişlərin daha yüksək keyfiyyət və zövqlə, müasir tamaşaçının tələbləri səviyyəsində hazırlanıb təqdim edilməsi işində daha fəal ola bilər ki, bu da insanların yerli teleradio yayımlarından olan narazılıqlarını azaldar, onların gözləntilərini təmin etmiş olardı. O da qeyd edilməlidir ki, bunun üçün AzTV-nin kifayət qədər həm maddi, həm də texniki imkanları vardır”.
T.Dadaşov qeyd edib ki, dövlət büdcəsindən maliyyələşən bütün yayımçılar, o cümlədən də AzTV özəl yayımçılara nümunə olaraq qanunvericiliyin tələblərinə tam şəkildə əməl etməlidir:
“Lakin təəssüf ki, bir sıra hallarda biz bunun əksini müşahidə etməkdəyik. Məsələn, teleradio yayımı haqqında qanunvericiliyə görə, AzTV insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin etməlidir. Lakin çox təəssüf ki, ötən illərdə bu tələbə kanal tərəfindən tam şəkildə riayət edilməmişdir. Bundan başqa, teleradio yayımı haqqında qanunvericiliyə görə, karlar və zəif eşidənlər üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil olunmalıdır. Təəssüf ki, AzTV-nin efirində bu cür sosial yayımlara da rast gəlinməyib. Həmçinin kanal tütündən istifadənin mənfi təsiri barədə qanunvericiliyin tələblərinə müvafiq olaraq xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlərin hazırlanması işində də nümunəvi rol oynamayıb. Belə olan təqdirdə, yəni dövlət büdcəsindən maliyyələşən yayımçılar bunlara əməl etməzkən, özəl kanallardan bu cür sosial yayımlar tələb etmək bir qədər çətin olur. Lakin qeyd edək ki, bütün bunlar düzəldilməsi mümkün olan çatışmazlıqlardır”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 15 yanvar tarixində Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin sədri Arif Alışanov vəzifədən azad edilib. Hazırda AzTV sədri vəzifəsini yenicə sədr müavini təyin edilən gənc jurnalist Rövşən Raqifoğlu icra edir.

Paylaş: