Ayaz Salayev yeni bədii filmindən danışdı: “Yaxın gələcəkdə görəcəksiniz”
Tarix: 15-01-2019, 08:52



Əməkdar incəsənət xadimi, tanınmış  rejissor Ayaz Salayev yaradıcılığı boyu ancaq bir filmin – “Yarasa” filminin rejissoru olub.  


1995-ci ildə lentə alınan və Azərbaycan kino sənətində əsl hadisə sayılan bu filmdən sonra rejissor uzun illərdir ki, heç bir bədii ekran əsərinə quruluş verməyib. Söhbət burada təbii ki, böyük kinodan gedir...

Bu barədə Moderator.az-a açıqlama verən A.Salayev bildirdi ki, uzun sürən aradan sonra sənədli film üzərində işləyir: “İndi bir ssenari var, onun üzərində işləyirəm. Hazırda sənədli film çəkirəm. Bu filmi bitirdikdən sonra bədii film də çəkməyi düşünürəm”. 


Sənədli filmin adını açıqlamayan A. Salayev bildirdi ki, filmin adı hələki, şərtidir: 


“Yaxın günlərdə də olmasa da,  yaxın gələcəkdə tamaşaçılara təqdim olunacaq”.


Qeyd edək ki, “Yarasa” Azərbaycanın beynəlxalq festivallarda Qran-Pri alan ilk filmidir. 
Filmin çəkilişlərinə çox ağır şəraitdə, böhranlı vaxtlarda başlanıldı.1992-ci ildə. Böyük çətinliklə filmə sponsor tapan rejissor Ayaz Salayev tam fərqli bir iş ortaya qoymaq fikrində idi. Hər zaman kino barəsində nəzəri mülahizələr irəli sürən Ayaz Salayev bu fikirlərini konkret film üzərində ifadə etmək və orijinal bir xətt yaratmaq istəyirdi. Film dünya kinosunun 100 illiyi münasibətilə 1995-ci ildə Parisdə nümayiş olunmaq üçün çəkildi.


Filmin mövzusu təsadüfən yaranmayıb. Bu, rejissorun indiyə kimi kino haqqında, mədəniyyət haqqında olan düşüncələrənin nəticəsidir. Bu, rejissorun kinoya olan məhəbbəti və nifrətidir. Hər bir adamın daxilində bu iki məfhum, bu hisslər ayrılmazdır. Bəs, nəyə görə nifrət? Çünki kino insanı real həyatdan ayırır.

"Yarasa" tamaşaçıya həsr olunmuş kino əsəridir, daha doğrusu, sənət əsərinə tamaşa edən gözlər haqqındadır. Məhz buna görə də onun qəhrəmanı kor olur. Onun kor olması kinoya səsin gəlməsi ilə əlaqədardır. Kinoya səs gəlir...

“Yarasa” gözlənilən nəticəni verdi. Bir çox festivallarda “Qran Pri” və əsas mükafatı aldı. Avropa qəzetlətindən biri Ayaz Salayevi yeni üslubun banisi hesab etdi. Amma”¦..
Vətəndə isə filmə münasibət çox yanlış oldu. “Ulduz”, “Görüş” kimi banal filmlərə öyrəşən tamaşaçı “Yarasa”nı qəbul etmədi. Filmin televiziyada nümayiş olunmasından söhbət belə gedə bilməz. Adicə “youtube” da 23 yaşlı “Yarasa” filminin heç 2000 dəfə izlənmədiyinin şahidi oluruq. Bütün bunlar rejissoru üzdü. Hər zaman efirdə, universitetdə aktivliyi ilə seçilən Ayaz Salayev o zamandan bu yana ikinci bir filmi çəkmədi. “Yarasa”  onun hələlik, ilk və sonuncu işidir.

Paylaş: