Möcüzə və sənətin hədiyyəsi olan 110 yaşlı “Əsgər atası”
Tarix: 12-01-2019, 12:06



«Deyirlər ki, dahi fiziklər, riyaziyyatçılar o zaman öz məqsədlərinə çatırlar ki, öz formulları ilə üzbəüz qalırlar, yaşam tərzlərindən uzaqlaşırlar. Biz incəsənət adamları da – səhnədə və ya çəkiliş meydanında kamera, rejissorlarla və aktyorlarla işləyərkən həmin fiziklərdən, riyaziyyatçılardan öyrənməliyik. Öz qəhrəmanımızla ikilikdə qalmağı bacarmalıyıq. Sən və sənin qəhrəmanın. Öz qəlbinlə və düşüncənlə ciddi müşahidə etməli, qəlbinin səsinə qulaq asmalı, qəhrəmanının qəlbinin səsini duymalısan. Kim ki, bu yaradıcılığın sirrini tapır, o, həqiqətən xoşbəxtdir. Ona görə xoşbəxtdir ki, bu açar bütün sirli qapıları açır». Kino həvəskarlarına «Əsgər atası» filmindən tanış olan Serqo Zakariadzenin «Teatral həyat» jurnalında yazdığı bu sözlər kino və teatrı özünə sənət seçən və bu sənətə aludə olan insanlar üçün seçdiyin peşəyə vicdan və məsuliyyətlə yanaşmağın əsil nümunəsidir. 
 
 

"Mən hər şeydən əvvəl, xalq həyatının incəliklərinə borcluyam ki, onları Gürcüstanın kəndlərində müşahidə edə bilmişəm”- deyən məşhur teatr və kino aktyoru Serqo Zakaridzenin 110 illik yubileyidir.
 
 

Kinorejissor Çuxray onu "möcüzə və sənətimizin hədiyyəsi” adlandırıb. Və bununla heç kəs mübahisə edə bilməz, çünki bu fikirlərə inanmaq üçün onu yalnız ekranda və ya səhnədə görmək kifayətdir. Bu aktyorun cazibəsi bütün sərhədləri pozmaqla, əsl zövqü kinoya gətirib.
 
Stadiondan səhnəyə Serqo Aleksandroviç Zakariadzenin dünyaya gəldiyi şəhər haqqında ikili versiya var. Bir versiyaya görə, Zestafonidə (İmereti regionu), başqa bir versiyaya görə, Azərbaycanın paytaxtı Bakıda doğulub. Serqo Zestafoni gimnaziyasını (indiki 1 nömrəli məktəb) bitirib. Məktəb illərində şəhərin futbol komandasının kapitanı olub. Daha sonra o, Tbilisinin məşhur "Dinamo”sunun mərkəz müdafiəçisi kimi tanınıb. Əlbəttə, gürcülərin sevimli komandasında oynamaq hər futbolçuya nəsib olmurdu. Ancaq Serqonun maraqları haçalanırdı. O, uşaqlığından bəri teatrı ehtirasla sevib. Gəncliyi də, futbolla bərabər çox sevdiyi bu sənətə həsr olunub. Elə ki, Zestafonini Tbilisidən gələn aktyorlar ziyarət edərdi, o, həmişə hansısa rolda oynamaq üçün onlara yalvarardı. Tezliklə taleyi onun üzünə güldü. Düzdür, o, ilk olaraq Tbilisi Universitetinin filologiya fakültəsində oxudu, daha sonra -1926-cı ildə isə Tbilisidəki Ş.Rustaveli adına Dram Teatrına daxil oldu. 
 
 
 
Zakariadzenin yaranması 
 
Zakariadze karyerasına Ernst Toller, Lope de Veqa, Karl Gutskov, Nikolay Poqodin, Yuri Oleşa və Uilyam Şekspirın əsərlərində oynadığı kiçik rollarla başladı. Gürcü yazıçılarının əsərlərində gənc sənətkara daha  əhəmiyyətli bir müvəffəqiyyət nəsib oldu. 1928-ci ildən  Kote Mardjanişvili tərəfindən təşkil edilən, Kutaisi şəhərindəki 2-ci Dövlət Dram Teatrının səhnəsində çıxış etməyə başladı. 1956-cı ildə Zakariadze Rustaveli Teatrına qayıtdı. Aktyorun həyatı həmişə maraqlı olub. Serqo özünəməxsus bir xarakter yaratmaq, milli unikal görünüşünü modelləşdirmək üçün böyük güc sərf edirdi. Və bu, onda yüz faiz alınırdı.Serqo Zakariadze, Kote Mardjanişvili və Sandro Ahmetelinin  şagirdi və qeyd-şərtsiz, Gürcüstanın ən sevimli sənətçilərindən biri idi. Rejissorlar onun gürcü aktyorluğunu, incəliyini, baxışlarını və atletik fiqurunu sevirdilər.Serqo Zakariadzenin yaradıcılığında fikirlərin, dərin zəkanın və cəsarətin həyata keçməsində inanılmaz bir əzm var idi.Zakariadze ustalıqla səhnə qəhrəmanlarının ifadəli xüsusiyyətlərini tapır, asanlıqla həm dramatik, həm xarakterik, həm də komediya rollarını idarə edirdi. Allah tərəfindən göndərilmiş aktyor Serqo Zakariadze ümumdünya şöhrəti qazanan azsaylı gürcü aktyorlarındandır ki, rollarına qlobal yanaşır və xalqının məişətini, dəyərlərini yaxından öyrənirdi. Onun oynadığı rollarda əsil gürcü insanının xarakteri vardı. Kinoda Serqo Zakariadze 1935-ci ildə "Axırıncı xaçpərəstlər" filmində debüt etdi. Tezliklə "Dariko" (Simono), "Vətən" (casus Sordion), "Dostluq" (Varden) filmlərindəki rollara çəkildi.Zakariadzenin Siko Dolidzenin "Birinci gün, sonuncu gün" filmində oynadığı rol "Ən yaxşı kişi rolu üçün" Minskdə keçirilən 3-cü Ümumittifaq Film Festivalında mükafat qazandı.Zakaridze, "George Saakadze" filmində düşmən Şadiman rolunu oynadı: "Biz müsəlmanların zirvəsindəyik, təkbaşına nə edə bilərik? Bizə silahla saldırmaqdansa, salam göndərsəniz yaxşı olardı ... Biz burada döyüşürük ..."- deyə onun qəhrəmanı bildirirdi. Bu rol üçün Zakariadze SSRİ Dövlət mükafatına layiq görüldü. Filmdə Zakariadzenin növbəti əhəmiyyətli işi, "Kutuzov" filmində Baqration rolu olub. Bu əsərdə yaradılmış obraz sərkərdənin düşüncələrinə, hisslərinə, görünüşünə və vətəndaşlığına qeyri-adi şəkildə oxşar idi. Bir əsgərin atası – bütün həyatın rolu 1963-cü ildə isə Serqo bütün həyatının rolunu oynadı. Zakariadze "Əsgər atası" filmində çəkilmək təklifi aldı.Filmin rejissoru Rezo Çxeidzenin xatırəsindən: "Serqo Zakariadze əsas rol üçün yeganə namizəd idi, başqa aktyor axtarmaq lazım gəlmədi, Serqo Zakariadze dərhal seçildi. Bundan əvvəl onu mən səhnədə və digər filmlərdə görmüşdüm. Onun palitrasını bilirdim, teatrda bir sıra xarakterik rol oynamışdı. Xüsusilə o vaxt mənim "Dəniz yolu" filmimdə çəkilirdi. Georgi Maxaraşvilinin rolunda tipik bir gürcü, çox tipik yaşlı bir adamı görmək istəmişdim, amma güclü…” Zakariadzenin özü isə rolu haqqında "Əgər bu gün mənim Georgi Maxaraşvili rolundakı uğurumdan danışırlarsa, mən bunun üçün ilk növbədə xalqıma, onun adət-ənənəsinə borcluyam. Mən həmişə ən ucqar kəndlərimizin də yaşayışını, insanlarının həyat tərzini yaxından müşahidə etmişəm” deyirdi. 1964-cü ildə çəkilən "Əsgər atası”nın ilk təqdimat mərasimi Moskvada, 1965-ci ildə isə Bakıda keçirilir.  "Əsgər atası”nı baxımlı və təsirli edən məqam ssenaristin filmdəki hadisələrin canlı şahidi olmasıdır. "Ssenari müəllifi Suliko Jqenti Böyük Vətən Müharibəsində baş verən hadisələrin şahidi olub. Filmin bu qədər təsirli olmasında da onun böyük əməyi var. Ancaq filmin çox çətin taleyi olub, dəfələrlə ssenariyə müdaxilə ediblər”- deyə filmin rejissoru bildirirdi.  Yaxın illərdə filmin rəngli versiyası da çəkildi. Yeni versiya əvvəlcə Moskvada, sonra Bakıda nümayiş etdirildi. Serqo Zakariadze filmin Moskvada nümayişindən sonra "Ən yaxşı kişi roluna görə” mükafatına və Lenin Komsomolu Mükafatına layiq görüldü. Artıq o, bütün sovet məkanında və filmin nümayiş olunduğu xarici ölkələrdə tanınırdı.Aktyorun işinə həssas münasibəti vardı. Onun iş günləri dəqiqəsi ilə yazılırdı. Aktyorluğu ilə bərabər, 1955-60-cı illərdə  Serqo Tbilisi Teatr İnstitutunda səhnə danışığından dərs deyirdi. 1966-cı ildə SSRİ Ali Sovetinin deputatı seçilmişdi. Dost və doğmaları onu səhhətinə qarşı etinasızlıqda da qınayırdılar. O, yalnız gülümsəyirdi: "Mən polad kimiyəm”. Ancaq birdən məlum oldu ki, aktyorun ürəyində problem var... Serqo Zakariadze 1971-ci ilin 12 aprelində vəfat etdi. Gürcüstanın görkəmli insanlarının dəfn olunduğu Mtasminda qəbiristanlığında dəfn olundu. Heykəltəraş Merab Berdzenişvilinin hazırladığı qəbirüstü abidəsi isə əsil sənət əsəri kimi ziyarət olunur.   
 
 

"Belə aktyoru unutmaq sadəcə, mümkün deyil. Biz onun rollarını heç vaxt unuda bilmərik. Onun təbii xarizması, güclü enerjisi, parlaq istedadı həmişə sənət yoluna gələnlər üçün örnəkdir” deyə gürcü sənətşünasları deyirlər. Qurdcaani şəhərində də onun”Əsgər atası” filminə abidə qoyulub. Deyirlər ki, Qara dənizin sularında da "Serqo Zakariadze” gəmisi üzür. 
KASPİ.AZ

Paylaş: