"Nəsimi"nin Fatiməsi: "Hamı həyəcanla yanıma qaçdı"
Tarix: 12-01-2019, 11:46



Bu ili ölkəmizdə "Nəsimi İli" elan edilib.

Sərəncam yaradıcı insanlar, o cümlədən Nəsimi filmində Fatimə obrazını canlandıran əməkdar artist Xalidə Quliyeva tərəfindən sevinclə qarşılanıb.

Aktrisa təəssüratlarını yenicag.az-la bölüşüb:

"Çox sevindim. Nəsimi kimi görkəmli şairimizin xatirəsini əbədiləşdirmək alqışa layiqdir. 1973-cü ildə ekranlara çıxarılan Nəsimi filmi də şairin 600 illik yubileyi münasibətilə çəkilmişdi. Ulu öndər Heydər Əliyevin göstərişi ilə bu filmin ekranlaşdırılması rejissor Həsən Seyidbəyliyə həvalə olundu. Onda mənim 19 yaşım vardı. Seyidbəyli məni çağırıb dedi ki, apar, ssenarini oxu. Hansı obrazı bəyənsən, ona da çəkiləcəksən.

"Nəsimi" filmi yazıçı İsa Hüseynovun "Məhşər" romanı əsasında lentə alınıb. Mən valideynlərimi çox erkən itirmişdim və buna görə də Fatimənin ağrı-acısı mənə yad deyildi. Həsən Seyidbəyliyə deyəndə ki, Fatiməni canlandırmaq istəyirəm, etiraz etmədi. Film çox böyük mədəniyyət hadisəsi kimi qarşılandı. Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən yaxşı film nominasiyası üzrə "Nəsimi"yə mükafat verildi".

Aktrisa çəkilişlər zamanı başına gələn əhvalatı da xatırlayıb:

"Atamı görmək üçün çırpındığım bir səhnə var, yəqin xatırlayırsınız. Yayın qızmarında çəkilirdi. Mən özümü ora-bura vururam ki, atamı görmək üçün getməliyəm. Nəsimini canlandıran Rasim Balayev mənə mane olmağa çalışır. Orada qəfildən əlimə isti nəsə dəydi, sən demə, əqrəb imiş. Rolun təsirinə necə düşmüşəmsə, bunu hiss etməmişəm. Çəkiliş bitəndən sonra hamı həyəcanla yanıma qaçdı ki, əlinə bir şey olmayıb? Dedilər, əqrəbi əlinə götürüb kənara atdın. Elə bildilər ki, məni əqrəb çalıb".


"Nəsimi"nin Fatiməsi: "Hamı həyəcanla yanıma qaçdı" - FOTO

Paylaş: