Yalçın Rzazadə əməliyyat olunacağından danışdı - “Amma möhtəşəm konsert söz vermişəm”
Tarix: 12-01-2019, 10:42



Xalq artisti, professor Yalçın Rzazadənin musiqiləri hələ də hər kəs tərəfindən sevilir və dinlənilir. Lakin çoxdandır ki, Yalçın Rzazadə canlı konserti ilə tamaşaçılarını sevindirmir. 


Bu barədə Moderator.az-a açıqlama verən müğənni tamaşaçılarıma böyük konsert verəcəyimi söz verdiyini bildirib:


“Bu il Heydər Əliyev adına Sarayda  möhtəşəm yubileyim baş tutdu. Çox təkrarolunmaz, fərqli bir yubiley hazırlamışdılar. O qədər insan gəlmişdi ki, ailə üzvlərim özləri əlavə stullarda oturdular. Orada söz verdim ki, canlı konsertlə qarşınıza gələcəyəm. Yanvardan sonra hazırlıqlara başlayacağam. Konsertə hazırlaşmaq da təbii ki, çox vaxt, sağlamlıq tələb edir. Həyatda ciddi insanam, sənətimə də hər zaman ciddi yanaşıram. Sağlıq olsun, konsertimi gələn ilə planlaşdırıram. Hələlik, indi yanvar ayı olduğu üçün bilirsiniz ki, universitetlərdə sessiya vaxtıdır. İmtahanlara başım qarışıb. Ondan sonra yava-yavaş konsert hazırlıqlarına başlayacam”.

Səhhəti ilə də bağlı açıqlama verən Yalçın müəllim möhkəm insan olduğunu söylədi: 


“Amma səhhətimdə müəyyən problemlər yaşayıram. Əməliyyata hazırlaşıram. Yanvardan sonra mütləq əməliyyata girməliyəm. Həm ürəyimlə bağlı problemim var, həm də öd kisəmdə daş var, onu təcili əməliyyat etdirməliyəm. Həkimlər qan təzyiqimin düzəlməsini gözləyirlər ki, əməliyyata alsınlar.
Ancaq konsertin əməliyyat olub-olmamağımla əlaqəsi olmayacaq. Sözümün üstündə duracağam, Allahın köməkliyi ilə. Bilirsiniz ki, neçə illik təcrübəm var, dünya ölkələrinin böyük səhnələrini görmüşəm, artıq bu işdə professionalam. Konsertə necə hazırlaşmağı, haradan başlamağı, harada nöqtəni qoymağı artıq bilirəm.  Ona görə də səhhətimdən asılı olmayaraq, evdə oturub o proqrama hazırlaşacağam”

Paylaş: