“Əlindən öpürlərsə, deməli, xoşbəxtsən...” – Afaq Bəşirqızı
Tarix: 15-08-2017, 15:56


Bu gün xalq artisti, aktrisa Afaq Bəşirqızının doğum günüdür. 61 yaşını qeyd edək aktrisa doğum günü təəssüratlarını AzVision.az-la bölüşüb.
-Afaq xanım, deyəsən, avqust ayı sizin üçün düşərli aydır. Ailənizin bütün üzvüləri bu ayda dünyaya gəlib... 

-Avqust bizim ailə üçün istismar və tarimar ayıdır (gülür). 

-Bu gün yaşınızın üstünə bir il də əlavə olundu. Xanımlarımız adətən yaşlarının artmasını sevmirlər. Yaşla bağlı suallara cavab verməkdən boyun qaçırırlar. Kişilərimiz isə bu məsələdə daha səxavətlidirlər. Bəs siz hansı mövqedəsiniz?

-Kişinin kişi, xanımın isə xanım adı var. Mən həmişə istəmişəm ki, xanım öz xanımlığını dərk etsin və o adı qorusun. Yaşa gəldikdə isə ən asan, sadə yol odur ki, sən özünü dərk edəsən və bu dünyaya niyə gəldiyini fikirləşəsən. Özün bu suala cavab tapa biləsən ki, səndən sonrakılar bundan əziyyət çəkməsinlər. Yaşın neçə olmasının əhəmiyyəti yoxdur. Uzun və ya qısa ömürlülük tanrının yazısıdır. Amma sən özün qısa ömründə nələr qoydun, necə getdin, özündən sonra ölümsüzlük qazandınmı? Bu, əsil insanlıq, kişilik və xanımlıqıdır. 



-Bu yaxınlarda yazıçı Vidadi Babanlı ilə söhbətimizdə ona belə bir sual ünvanladım: Uzun bir həyat yaşamısınız. Sizcə həyatda insanın hədəfi nə olmalıdır? Bu sualı sizə də vermək istərdim.

-Vidadi Babanlı mənim ruhuma çox yaxın insandır. O, yazılarında insanların zövqünü oxşayan, insanları bir növ öz problemindən ayıran, qəribə nağıl, əfsanə aləminə aparan qəribə yazıçıdır. Onun yaradıcılığına böyük hörmətim var. Ola bilsin ki, o da mənə oxşar cavab verib. Hər yaşın özünün gözəlliyi var. Yaş mənim üçün daha bir qırışın artması, saçlarımın təravətinin itməsidir. Amma mənim daxilim, ruhum bu qırışları, saç tökümünü, o göz zəifliyini aradan qaldırır. İnsanın ruhu həmişə cavan olmalıdır. Çünki sən ətrafındakılara xoş aura bağışlamalısan. Mənim sənətimin ixtiyarı yoxdur ki, öz vəziyyətimi, ağrılarımı, çatışmazlığımı, əzablarımı ətrafa bildirim. Mənim ancaq ona ixtiyarım var ki, təbəssüm və gülüş bəxş edim. 

-Həyatınızı geri vərəqləsəniz, ən çox hansı illərdə əlinizi saxlayarsınız? 

-1979, 1983, 2003, 2005. 1979-cu ildə ailə qurmuşam, 1983-cü ildə oğlum, 2003 və 2005-ci illərdə isə nəvələrim dünyaya gəlib.

-Nəvələriniz sizi təbrik edib, yoxsa axşama saxlayıblar? 

– Dünən saat 12-yə bir dəqiqə qalmış telefonum partlayırdı. Bilmirdim hansı nəvəmin zənginə cavab verim. Elə etməliydim ki, saat 12 tamam olmamış iki nəvəmin ikisinə də cavab verim. Böyük nəvəm Bəşir kompliment ardınca kompliment deyirdi. Vaxtı uzadırdı ki, digər nəvəm Əhməd Paşa ondan sonra zəng etsin. Amma elə elədim ki, ikisi də məni 12-yə qədər təbrik etdilər. Hər bir insanın monopoliyası olmalıdır. Mən o monopoliyanı ailə bilirəm. Əgər monopoliyada sən həqiəqətən də şahzadəsənsə, əlin öpülürsə, orada yeri gələndə hökmü, yeri gələndə sevgini, qayğını hiss edirsənsə, deməli, xoşbəxtsən. 






Paylaş: