Nurəddin Mehdixanlı: “Bəzən informasiya savaşı real müharibədən daha mühüm əhəmiyyət kəsb edir”
Tarix: 25-12-2018, 09:04



Türkiyənin məşhur “Savaşçı” filmində Qarabağ müharibəsi ilə bağlı real kadrların yer alması Azərbaycan ictimaiyyəti tərəfindən təqdir və məmnunluqla qarşılanıb.
Qarabağ müharibəsində ermənilərin törətdikləri vəhşiliklərin ifşası, bu münaqişədə Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması baxımından türk və digər əcnəbi filmlərdə Qarabağ müharibəsi ilə bağlı real kadrların yer alması, bu müharibə ilə bağlı obyektiv inormasiyaların verilməsi nə dərəcədə önəmlidir?
Moderator.az-a açıqlama verən xalq artisti Nurəddin Mehdixanlı bunun oluqca vacib və əhəmiyyətli olduğunu bildirdi:
“Bu, olduqca vacib olan məsələlərdən biridir. Təəssüflər olsun ki, bizdə ermənilərin Qarabağ müharibəsi zamanı törətdikləri vəhşilikləri, qırğın və qətliyamları, soyqırımlarını əks etdirən filmlərimiz çox azdır. Əslində bu hadisələrlə bağlı kifayət qədər sənədli və video materiallar mövcuddur. Bu sənəd və videoları xarici dillərə tərcümə edib bütün dünyaya yaymaq olduqca vacibdir. Bəzən informasiya sahəsindəki savaş real savaşdan daha mühüm əhəmiyyət kəsb edir. Baxın, 15 il bundan qabaq Dağlıq Qarabağ, Ermənistan və Azərbaycanla bağlı fikirlər hansı şəkildə idi, indi nə şəkildədir. Azərbaycanın apardığı informasiya təbliğatı, bu sahədə görülən işlər dünyaya Azərbaycanın bütün mənalarda haqlı olduğunu göstərir. Lakin elə streotiplər var ki, onları sındırmaq və aşmaq asan deyil. Zaman keçdikcə bunları da sındırmaq mümkün olacaq. Bu, sənədli materilları, videoları xarici dillərə tərcümə edib yaymaqla mümkün olacaq.
Odur ki, türk serialında da Qarabağ müharibəsi ilə bağlı real görüntülərin yer alması təqdirəlayiqdir və bu, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir”.

Paylaş: