Rasim Balayevin çəkildiyi film Hindistanda göstəriləcək
Tarix: 14-08-2017, 18:02



Azərbaycan istehsalı olan daha bir filmin beynəlxalq festivalda nümayişi nəzərdə tutulub.
Ulduzumsan.Az-ın “Report”a istinadən məlumatına görə, “Nazlı” kinokomediyası noyabr ayında Hindistanda keçiriləcək 48-ci Goa Beynəlxalq Film Festivalının seçim komitəsinə təqdim edilib. Filmin festivalın xüsusi nümayiş bölməsində tamaşaçılara təqdim olunması planlaşdırılır.
Qeyd edək ki, “Cənnətfilm” və “Zaratustra” kino şirkətlərinin müştərək istehsalı olan “Nazlı” bədii filminin quruluşçu rejissoru Rəhman Rafiqoğlu, ssenari müəllifləri Rəhman Rafiqoğlu və Tural Fitatdır. Ekran əsərinin süjet xəttinə əsasən, Nazlı (Xumar Səlimova) çox ağıllı və savadlı olmasına rəğmən, daha çox şıltaqlığa, dəbdəbəli yaşamağa, gecə klublarına, bahalı həyat tərzinə üstünlük verir.
Nazlının atası Şamil (Rasim Balayev) ağır təbiətli, yaşına hörmət edən, adət-ənənəyə sadıq olan, ciddi biznesmendir. O, qızının ailə həyatı qurması üçün əlindən gələni edir. Ancaq ailə həyatı qurmaq Nazlının planlarına daxil deyil. Nazlının növbəti gecə gəzintisindən sonra Şamilin səbri tükənir. O, qızının qarşısına şərt qoyur: Ya Nazlı evlənəcək, ya da Şamil qızını var dövlətindən məhrum edəcək. Bundan sonra Nazlının macəraları başlayır.
Fimdə baş rollarda Rasim Balayev, Xumar Səlimova, Fuad Poladov, Ülvi Həsənli, Mehriban Xanlarova və digərləri çəkiliblər.




Paylaş: