Xalq artisti: “Amaliya Pənahovanın ölüm xəbərini eşidəndə şok oldum”
Tarix: 11-12-2018, 10:06



Çoxdandır görünmür. Nə seriallarda, nə də filmlərdə. Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Səidə Quliyevanı deyirik.
Aktrisanın Yenicag.az-a müsahibəsini təqdim edirik:
– Çoxdandır görünmürsünüz, yeni çəkilən seriallarda da yoxsunuz? Niyə?
– Keyfiyyətli seriallar olsa, çəkilərəm. Yoxsa ki, çəkilmək xatirinə çəkilib, illərlə damla-damla yığdığım hörməti bir anın içində itirmək istəmirəm. Açığı, özümü o seriallarda görmürəm. Normal qonorar verilsə, yenə də dərd yarıdır. Bu məbləğ verilmədiyinə görə o zəhmətə heç dəyməz. Ondansa, kənardan seyirçi mövqeyində durmaq və gözləmək daha yaxşıdır.

– Bəs aktrisa kimi darıxmırsınız?
– Sözümü deyirəm, artıq gücüm çatmır. Rasim Balayev kimi sənətkar tənqid etdi, heç onun sözünü nəzərə almadılar, nəticə çıxarmadılarsa, nə xeyri? Mən də fikirlərimi bildirirəm. Nə var onu deyirəm, heç nəyi ört-basdır etmirəm.
– Tamaşaçı da sizi yeni seriallarda görmək istəyir axı.
– Məni də görəndə o sözü deyirlər.
– Yerli seriallarda sizi nə qane etmir ki?
– Bunun üçün peşəkar rejissor, mükəmməl ssenari lazımdır. Bizimkilər çəkə bilmir. Əlbəttə, bu sözləri peşəkar rejissor Rövşən İsaxa aid etmirəm.

– Türk serialları bu gün dünyada çox məşhurdur. Biz nə zaman o səviyyəyə gəlib çatacağıq?
– Türklər hər çəkiliş üçün hazırlıq prosesi keçirlər. Ona görə nəticə uğurlu alınır. Bizdə materialı aktyorun əlinə verib, dərhal çəkilişə başlayırlar. Lap aktyor dahi də olsa, onun üçün çətin olacaq. Belə olan halda hansı keyfiyyətli işdən danışmağa dəyər. Bizim aktyorlar da müəyyən zaman daxilində məşqlər keçsələr, ortaya yaxşı serial çıxarmaq olar. Mənim kimi 40 il səhnədə olan aktrisanın əlinə material versələr, o anda çəkilsəm, aydın məsələdir ki, bu məhsul çox aşağı səviyyədə olacaq. O rolun üstünə xarakter yarada bilməyəcəm. Vaxt darlığı var. Burada günah rejissorlardadır. Rejissor bir-iki serial çəkir, sponsorlara göstərir. Bilmir, ona pul veriləcək, ya verilməyəcək. Heç bilmir hansı aktyoru çəksin, yaxud da şəxsi problemini həll etsin, yoxsa aktyorlara pul paylasın. Şəxsi problemini həll edən rejissorlar da var. Maddiyyat və peşəkarlıq – bunlar çox önəmlidir. Bütün dünyada belədir.
– Amma Türkiyədə aktyorlar yaxşı qonorar alır…
– Amma keyfiyyətli iş üçün onların qanını sovururlar, sonra o pulu verirlər. Amma eyni zamanda yaşamaq üçün normal şəraitləri var. Dolanışığını, problemlərini düşünmür. Dolanışıqları superdir. Bizdə də aktyor yaxşı qonorar alsa, o işə canını qoyar. Mən çəkiliş olanda deyirəm ki, evimdən aparın, gətirin. Mən avtomobil sürüm, yoxsa rol barədə düşünüm? Aktyor sırf yaradıcılıq barədə düşünməlidir, problemləri barədə yox.

– Səhhətiniz necədir? Müsahibələrinizin birində şəkərlə mübarizə apardığınızı demişdiniz…
– Yaxşıyam. Həmişə səhhətim yaxşı olub, çünki xəstəliyə yenilən adam olmamışam. Səhhətimlə bağlı nə varsa da, özümə aiddir. Mən problemlərimdən danışmağı xoşlamıram. İraq-iraq, lap ölüm ayağında da olsam, bunu heç kimə bildirmərəm. Necə ki Amaliya Pənahova, Fuad Poladov ağır xəstəliklə qəhrəmancasına mübarizə aparırdılar. Xəstəliyi gündəmə gətirmək, bunu insanlara iyrənc vəziyyətdə çatdırmağın əleyhinəyəm. Amaliya xanım heç kimə bildirmədi ki, o ağır xəstədir. İl yarım bundan əvvəl Amaliya xanımın xəstə olduğunu bilirdim. Amma onun ölüm xəbərini eşidəndə şok oldum. O xanımın hörməti qəlbimdə daha da artdı. O, tamaşaçı yaddaşında necə vardısa, elə də getdi. Heç vaxt özünü tamaşaçı gözündə xırdalamadı. Necə ki, qəhrəman obrazlarını canlandırmışdı, elə də dünyasını dəyişdi. Həyata nikbin baxmaq lazımdır. Mənim həyat prinsipim budur. Nəyim var, ailəmdə, özümdədir, bunu insanlara çatdırmaq istəmirəm. Buna görə də xəstəlikdən soruşanda acığıma gəlir. Xəstəliyim də özümə aiddir. İstəyirəm ki, son günümə qədər məni belə pozitiv görsünlər. Amma yenə də deyirəm, özümü çox yaxşı hiss edirəm. Şəhərim var, indi çox adam şəhər xəstəsidir. Axşama tamaşam var, gələ bilərsiniz.

– Kinoya da çəkilmirsiniz…
– Vaqif Mustafayevdən təklif gözləyirəm. Yəni, peşəkarlardan. İşimdən zövq alıramsa, heç orada maddiyyatdan da söhbət gedə bilməz. Bir də tələbələr üçün pulsuz çəkilirəm. Tələbə işindən imtina etmirəm, çünki onların maddi durumları yox dərəcəsindədir. Yardımçı kimi onlara kömək edirəm. Yorulsam da, pul söhbəti ola bilməz.

Paylaş: