Azərbaycanın tarixi var, filmi isə...
Tarix: 3-12-2018, 09:01



Son 12 ildə 341 film çəkilib.Bu barədə Mədəniyyət Nazirliyindən verilən açıqlamada deyilir. Məlumata görə, 2006-2018-ci illər ərzində kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına 43 tammetrajlı bədii, 45 qısametrajlı bədii (bədii filmlərin 41%-i müstəqil studiyalar tərəfindən çəkilib), 214 sənədli, 21 cizgi filmi və “Mozalan” kinojurnalının 18 buraxılışı istehsal edilib.
Bu dövr ərzində istehsal olunan ekran əsərlərindən 63 bədii, sənədli və cizgi filmi dünyanın 5 qitəsini əhatə edən 57 ölkədə keçirilən Kann, Venesiya, Berlin, Karlovı Varı, Tokio, Moskva və s. 224 film festivalının müsabiqə proqramına seçilərək 346 dəfə həmin festivallarda iştirak edib. Həmin ekran əsərləri 8 “Qran-Pri”, 30 “Ən yaxşı bədii film”, 8 “Ən yaxşı sənədli film”, 9 “Ən yaxşı rejissor işi”, 15 “Ən yaxşı aktyor oyununa görə” olmaqla ümumilikdə, 140 müxtəlif mükafat qazanıb.
Yeni filmlərimizin çəkilməsi, nümayiş olunması və mükafatlar əldə etməsi sevindirici haldır. Amma qeyd edək ki, yeni filmlərlə bağlı fikirlər birmənalı deyil. Xüsusilə bəzi yeni filmlərimizin təbliğ etdiyi ideologiyanın istiqaməti tamaşaçıları qane etmir. Nümayiş olunan bəzi filmlərdə Avropa dəyərləri müasirlik kimi qələmə verilərək, gənclərə aşılanır. Burada söhbət heç də müstəqil studiyaların çəkdiyi filmlərdən getmir. Məhz “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi kinolardan gedir. Təbii ki, son illərin filmləri arasında yaxşılarının olduğu da istisna edilmir. 
Azərbaycan filmlərinin gətirdiyi gəlirdən isə danışmaq, ümumiyyətlə, mümkün deyil. Hazırda yalnız biznes məqsədilə çəkilən kommersiya filmlərinin gəlirlərindən danışmaq mümkündür ki, onları “böyük kino” anlayışına aidiyyəti yoxdur.
Filmlərin gətirdiyi gəlirlərdən danışarkən, bu sahədə qonşu Türkiyənin təcrübəsini misal gətirmək olar. Bu ölkənin son illərdə serial sənayesində xeyli inkişaf etdiyini demək mümkündür. Dünyanın bir sıra ölkələrində, o cümlədən də Rusiya, Şərqi Avropa, Orta Asiyada baxılan türk serialları həm də reytinqlərdə ön sıralara keçərək, Braziliya, Argentina seriallarını arxada qoyub. Bir sıra tarixi prosesləri əks etdirən filmlər həm də tarixin öyrədilməsi baxımından, tarixi şəxsiyyətlərin gənclərə tanıdılması baxımından əhəmiyyətlidir.
Doğrudur, bir sıra mütəxəssislər serialları kino sənətinə aid etmir və Türkiyyə seriallarında bəzi tarixi faktların təhrif olunduğunu bildirirlər. Amma bütün hallarda məsələn, əvvəllər sultan Əbdülhəmidi tanımayan Türkiyə gəncliyi indi onun vətən qarşısında xidmətləri haqda məlumatlıdır. Aktyor oyunu, texniki tərəflər və digər məqamlar isə mütəxəssislərin qiymət verəcəyi sahələrdir.
Xatırladaq ki, tarixi proseslər və tarixi şəxsiyyətlər son illərdə çəkilən Azərbaycan filmlərində də yer alıb. Amma hesab olunur ki, bu sahəyə xüsusi önəm verilməsi doğru strategiya olardı.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) belə bir təkliflə hələ iki il öncə çıxış edib. Partiya Azərbaycan tarixinin şanlı səhifəsi olan Səfəvilər dövləti ilə bağlı serial çəkilməsini təklif edib. Partiyanın mövqeyinə görə, belə bir filmin ərsəyə gəlməsi gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasına, dövlətçilik ənənələrini güclənməsinə xidmət etmiş olar.
“Dünya insanı qandan bezib, dəyərlərə qayıdır”
Son illərdə çəkilən filmlərin səviyyəsi, Azərbaycan kinosunun mövcud durumu və digər məsələlərlə bağlı, əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudbəyli ilə söhbət etdik. O, “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycan kinosunun böyük tarixi, ənənəsi olduğunu bildirib: 

“Dövlətin dəstəyi ilə yavaş-yavaş böhrandan çıxırıq. Amma böyük bir nəsil dəyişikliyi gedir. Dünya kinosunda ümumi ab-hava dəyişir, texnika və texnologiya ilə bağlı böyük yeniliklər var. Bir məsələni nəzərə almaq lazımdır ki, kasıb büdcə, kasıb texnika ilə dünya səviyyəsinə çıxacaq filmlər istehsal etmək mümkün deyil. Amma bizim üstün cəhətimiz odur ki, biz Azərbaycan reallığını göstərə bilirik. Biz öz peşəkar təcrübəmizlə ağır filmlərə getmirik. Bununla belə çəkdiyimiz filmlər uğur da qazanır, mükafatlar da alır. Sırf sadə, səmimi Azərbaycan cəmiyyətini təmsil edən filmlərə görə. Dünyanı artıq qan-qada, ağır müharibələr, vəhşiliklər cana yığıb. Dünya insanı dəyərlərə qayıdır”.
Rejissor bu baxımdan Azərbaycan kinosunun tutduğu yolu doğru hesab edir: 
“Bu yaxınlarda cənab nazir bizə söz verdi ki, iki il müddətində kinostudiyamızın maddi-texniki bazası düzələcək. Kino böyük industriyadır, böyük pavilyonların və s. bərpası böyük pullar tələb edir. Yəqin ki, mərhələli formada problemlər yolunu tutacaq. Cəmiyyət görəcək ki, “su gələn arxa bir də gəlir””.
“Böyük pullar qoyulmasa...”
Azərbaycan tarixinin filmlər, seriallar vasitəsi ilə təbliğ olunması, gənc nəsillərə öyrədilməsinə gəlincə, rejissor bunun külli miqdarda vəsait tələb etdiyini bildirib: 
“Türkiyə böyük dövlətdir. Müstəqillik tarixi böyük olmayan Azərbaycanla Türkiyənin imkanlarının müqayisə olunmasını doğru hesab etmirəm. Bununla belə hesab edirəm ki, Azərbaycanın hələ Sovet dövründə çəkilən kinoları ilə Türkiyənin primitiv filmləri müqayisəyəgəlməzdir. Türkiyənin tarixi seriallarında tarixin birtərəfli qaydada təhrif olunması rejissor kimi mənim üçün ürəkağrıdıcı faktdır. Kino həm mədəniyyətdir, həm ideologiyadır, həm tarixdir və eyni zamanda biznes və puldur. Böyük pul qoyulmasa, böyük işlərin görülməsi mümkün deyil. Bizim aktyorlar 2-3 min manat məbləğində qonarar alırlar, onlar isə külli miqdarda”.
Bununla belə, əməkdar incəsənət xadimi tarixi mövzularda filmlərin çəkilməsini zəruri hesab edir: 
“Mən 37 ildir ki, Şah İsmayıl Xətai ilə bağlə filmin hazırlığı ilə məşğulam. Müəyyən hazırlıq işləri aparılmışdı, aktyorlar da seçilmişdi. İşlər mərhum prezident Heydər Əliyevin nəzarətində idi. O, həm də tapşırmışdı ki, həmin filmdə yalan, təxribat olmasın. Çünki, bunlara Şah İsmayılın ehtiyacı yoxdur. O böyük tarix, mədəniyyət, əxlaqi yaratmış şəxsdir. Heydər Əliyev rəhmətə gedəndən sonra işlərimiz yarımçıq qaldı. Baxmayaraq ki, həmin vaxt 1 milyon manata yaxın pul xərcləmişdik ona, bizə rəhbərlik edən bir xanım var idi, indi adını açıqlamaq istəmirəm, vaxtında ona bütün sözlərimi demişəm,  onun sayəsində işimiz yarımçıq qaldı. İnşaallah, maddi-texniki bazamız bərpa olunsun, həmin filmlə bağlı cənab prezident İlham Əliyevə də, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət edəcəm. Mütləq bu film çəkilməlidir. Düzdür, mənim indi 75 yaşım var, amma ümid etdiyim gənclər var. Artıq onlardan bir neçəsini “göz-altı” eləmişəm. İnşaallah, onlara rəhbərlik edəcəm və bu işi yekunlaşdıracağıq”. 

Paylaş: