Təranə Mahmudova super caz ulduzu Linli Martın iştirakı ilə konsert verib
Tarix: 1-12-2018, 10:30



Populyar ifaçı Təranə Mahmudova Beynəlxalq Muğam Mərkəzində “Baku Sound” adlı konsert proqramı ilə çıxış edib.
Trend-in məlumatına görə, caz gecəsi Təranə Mahmudovanın yaradıcılıq fəaliyyətinin 20 illiyinə həsr olunub.
Konsert proqramında təqdim edilən Azərbaycanın caz şəklinə salınmış xalq kompozisiyaları, müasir caz əsərləri və improvizasiyaları tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Çıxış dünya səviyyəli bas-gitaraçı, super caz ulduzu Linli Mart, məşhur zərbəçi, beynəlxalq festivalların iştirakçısı və laureatı Zaza Tserdsvadze (Gürcüstan) və istedadlı pianoçu Elbəy Məmmədzadənin (Azərbaycan) müşayiəti ilə baş tutub. Gecənin aparıcısı Tofiq Həsənov olub.
Caz xüsusi ovqat, dünya görüşü və ruh halıdır. Caz rənglər deməkdir. Onunla istənilən ovqatın rəsmini çəkmək mümkündür. Caz ahəng, improvizasiya, emosiyalar və tərz sənətidir. Kədərli və şən caz var, hətta üzərində düşünülməli olan və ya sədaları altında dincəlməyin mümkün olduğu caz da mövcuddur. Caza qulaq versən, mütləq onda özünü tapacaqsan, necə yaşamaq, sevmək, dostlaşmaq istədiyini öyrənəcəksən. Və bütün bunların hamısı payızın caz gecəsində təcəssüm etmişdi…

Paylaş: