“Müğənnilər, nitq mədəniyyətindən az xəbəri olanlar televiziyalarda aparıcılıq edir”
Tarix: 28-11-2018, 09:05



Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu televiziyalarda ləhcə ilə danışmaq meyillərinin çoxalması ilə bağlı narahatlığını bildirib.
Moderator.az olaraq millər vəkili, professor Nizami Cəfərovla söhbətimizdə mövcud problem və ondan xilas olmağın yolladını müzakirə etməyə çalışdıq.
 
-Nizami müəllim, Dilçilik İnstitutu televiziyalarda ləhcə ilə danışıq meyillərinin artmasına diqqət çəkib. Sizcə ədəbi dil normalarının qorunması ilə bağlı qanunların artması fonunda bu problemin öz aktuallığını qoruması nə ilə bağlıdır? Doğrudanmı, qanunlar bu problemin tənzimlənməsində acizdir?
 
-Hesab edirəm ki, bizdə dialekt danışığı artmayıb. Baş verənlər sadəcə, ünsiyyətin demokratikləşməsi ilə bağlıdır. Ünsiyyət demokratikləşəndə həmişə ədəbi dilə bir qədər laqeyd münasibət yaranır. Bu isə bir tarixi mərhələdir və keçib gedəcək. Sadəcə, KİV-lərin sayı artıb. Hansı ki, bura çoxlu sayda yetəri qədər ədəbi dil qaydalarına bələd olmayan insanlar cəlb olunub. Qeyd edim ki, burada inkişaf da yüksəkdir. Çünki çoxlu sayda insanın düşüncəsi, mədəniyyəti burada əks olunur. Bu, dilin inkişafına kömək edən şeydir. Amma eyni zamanda ədəbi dil baxımından normativlik aşağı düşür. Çünki hər kəs dil məsələsində peşəkar deyil.
 
-Sizcə ədəbi dil normalarının ən çox pozulması halı hansı müstəvidə daha çox müşahidə edilir?
 
-Ən çox nitq pozulmaları elmi-intellektual üslub nəzarəti olmayan internet şəbəkəsində müşahidə edilir. Bu, qanunlarla bağlı deyil. Əksinə, verilən qanunlar bu problemin tənzimlənməsində mühüm rol oynayır. Əgər ədəbi dillə bağlı qanunlar, fərmanlar, sərəncamlar verilməsəydi, o zaman biz daha mürəkkəb vəziyyətlə üzləşə bilərdik. Hansı ki, bir çox dillərin tarixində bu cür vəziyyətlər olub. Bu qanunlar ədəbi dillə bağlı pozntuların qarşısını əhəmiyyətli dərəcədə alır. Bu qanunların həm siyasi-ideoloji, həm də mədəni-intellektual təsiri mövcuddur.
 
-Necə hesab edirsiniz, dilçilərimizin bu məsələdə atmalı olduğu hansısa addımlar varmı?
 
-Təbii ki, bizim dilçilərimiz də hərəkətə gəlməlidir. Normal orfoqrafiya və orfoepiya lüğətləri ortaya qoyulmalıdır.
 
-Orta və ali məktəblərdə ədəbi dil normaları ilə bağlı hansısa layihələr həyata keçirməyə ehtiyac varmı?
 
-Orta və ali məktəblərimizdə nitq mədəniyyəti təbliğ olunmalıdır. Məncə bu, hər mənada faydalı olar.
 
-Ədəbi dil normalarının pozulması ilə bağlı problem daha hansı amillərdən qaynaqlanır?
 
-Bir çox məsələlər də ondan qaynaqlanır ki, az kitab oxuyan, ədəbi dili bilməyən, nitq mədəniyyətindən az xəbəri olan insanlar televiziyalarımızda aparıcılıq edir. Xüsusilə də müğənnilər, başqa dilərdə təhsil alan, müəyyən nüfuz qazanmış insanların aparıcılıq etməsi də bu məsələlərin ortaya çıxmasına səbəb olur. Bunların da qarşısını alınır. Hesab edirəm ki, burada böyük bir təhlükə yoxdur.
Demokratizmi qorumaq lazımdır ki, müxtəlif insanların düşüncə tərzi dilə gəlsin. Dil bir neçə adamın, tutaq ki, oxumuş adamların inhisarında olmamamalıdır. Zamanla bu məsələ öz həllini tapacaq. Bu gün ədəbi dil normalarını kifayət qədər bilməyənlər də, bu normaları mənimsəyəcək. Çünki cəmiyyətin mədəni inkişafı bunu tələb edir. Bu kimi problemlərin gündəmə gəlməsinin özü bu məsələyə olan həssaslığın göstəricisidir. Yoxsa Dilçilik İnstitutu bu məsələyə heç diqqət yetirməzdi. Yaxud dillə maraqlanan digər qurumlar bu məsələni diqqətdə saxlamazdı.
 
-Sizcə ictimai rəy, ictimai fikir ədəbi dil normalarının pozulmasına qarşı kifayət qədər həssasdırmı? Ictimai rəyin özü bu məsələdə hansısa formada rol oynayırmı?
 
-Ədəbi dil pozuntularına qarşı etiraz var. Buna qarşı ictimai etiraz da kifayət qədər güclüdür. Bu gün televiziyada ədəbi dil baxımından normal danışmayan aparıcı dərhal tənqidə məruz qalır. Ictimai şüur  onu qəbul etmir. Bu da ədəbi dil pozuntularına qarşı ictimai etirazın kifayət qədər ciddi olduğundan xəbər verir.

Paylaş: