“Mən də ağzıma gələni yazıb deyərəm ki, şeir yazıram”
Tarix: 28-11-2018, 08:58



Xalq artisti Rasim Balayev əməkdar artist Elza Seyidcahanın şeir yazmasına irad tutub və bildirib ki, “buna bir deyən yoxdur ki, a bala işinlə məşğul ol, sən şair deyilsən...”. R.Balayev belə şeirləri E.Seyidcahanın efirlərdə səsləndirməsinin də əleyhinə olduğunu bildirib. Bundan sonra E.Seyidcahan da xalq artistinin iradlarına cavab verib. 

Məsələyə münasibət bildirən Tibb Universitetinin dosenti, görkəmli ictimai xadim Rəşid Mahmudov bu gün cəmiyyətimizdə heç kimin öz işi ilə məşğul olmadığını bildirib:

“Ay oğul, şeiri şair yazar. Bizdə isə hər şeydən yarımçıqdırlar, insanlarımız öz sənətini yaxşı bilmir. Mən də ağzıma gələni yazıb deyərəm ki, şeir yazıram. Bir gün Mahmud Şah Qəznəvi Firdovsiyə deyir ki, “Sən niyə şeir yazırsan? Mən də şeir yazacam”. Firdovsi deyir ki, “Yaza bilməzsən, sən Şahsan, mən də şairəm. Hərənin öz işi var”. Şah şeir yazmaq üçün qırx gün vaxt istəyir və vaxt tamam olandan sonra gəlib şeiri Firdovsiyə göstərir. Firdovsi şeiri oxuyanda görür ki, ağzına gələni yazıb. Onu yola vermək üçün deyir ki, “Yaxşı yazmısan”. Amma Mahmud Şah əl çəkmir, “Ola bilməz ki, burda bir səhv olmasın, harda səhv varsa, barmağınla göstər onu özüm düzəldəcəm”.  Firdovsi də əlini yaşlayıb bütün vərəqin üstünə qoyur ki, nə yazmısansa hamısı səhvdir. 

Bir gün də Makedoniyalı İsgəndər Anadoluya döyüşə gedərkən artistləri, şairləri və müğənniləri özüylə aparır ki, adam çox olsun. İsgəndər görür ki, şairlər yaza-yaza, müğənnilər də oxuya-oxuya gedir, heç qılınc da tuta bilmirlər. Deyir ki, “Siz bizim torpaqlarda qalın, qayıdanda sizi götürərik”. 


R.Mahmudov deyib ki, cəmiyyətimizdə insanların çoxu ya şeir yazırlar, ya da müğənnilik edirlər:

“Deyəsən bizim atalarımız şair, analarımız isə müğənni olub. İnsanlarımızın hamısı şair və müğənnidir. Hər bir insana olduğu kimi Elza Seyidcahana da hörmətlə yanaşıram. Amma adam gərək bildiyi şeylə məşğul olsun. Rasim Balayev kimi Nəsimini oynayan dünyada ikinci bir adam varmı? Bu adam sənətini bilən adamdır”. 


Paylaş: