"Belimdə ağrılarım olduğuna görə..."
Tarix: 26-11-2018, 09:23



Nazirlər Kabineti kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və operator, xalq artisti Rasim Ocaqovun xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb. Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə xalq artisti Rasim Mirqasım oğlu Ocaqovun adı verilib. 

Xalq artisti Rasim Balayev Moderator.az-a açıqlamasında noyabrın 22-də doğum günü olan Rasim Ocaqovun adının əbədiləşdirilməsi ilə bağlı verilən qərarın təqdirəlayiq olduğunu bildirib:

“Rasim Ocaqov çox ləyaqətli rejissordur. Onun adının əbədiləşdirilməsi vacib idi. O, Azərbaycan kinosunun  çox parlaq nümayəndəsidir və həm də o, kinonun fədaisi idi. Onun çəkdiyi filmlər çox gözəl filmlərdir və bu gün öz aktuallığını itirmir”.

Rasim Balayev son zamanlar səhhətində yaranmış problemlərdən də danışıb:

“Belimdə ağrılarım olduğuna görə müalicə üçün Türkiyəyə getmişdim. Çox təəssüflər olsun ki, ona görə də Rasim Ocaqovla bağlı keçirilən tədbirlərdə iştirak edə bilmədim. Bu gecə Türkiyədən qayıtmışam və indi səhhətim normaldır. Hamınıza təşəkkür edirəm”.

Paylaş: