Azər Zeynalov: “Azərbaycanda peşəkar musiqi də , musiqiçilər də var”
Tarix: 24-11-2018, 10:16



Dahi bəstəkar, böyük musiqiçi, milli operamızın banisi Üzeyir Hacıbəyovun vəfatının növbəti ildönümü müasir musiqimizin mövcud durumu ilə bağlı müzakirələri də aktuallaşdırıb.
Çağdaş Azərbaycan musiqisi Ü.Hacıbəyov dəyərlərinə yetərincə bağlıdırmı? Müasir musiqimiz bu dəyərlərdən lazımınca faydalana bilirmi?
Moderator.az-a açıqlama verən məşhur opera müğənnisi, xalq artisti, professor Azər Zeynalov bütün peşəkar musiqiçilərin Ü.Hacıbəyov dəyərlərinə bağlı olduğunu vurğuladı:
“Azərbaycanda peşəkar musiqiçilər var. Və bu peşəkar musiqiçilər Ü.Hacıbəyovun qoyduğu ənənələri layiqincə davam etdirir. Çağdaş musiqi deyəndə mən Azərbaycandakı peşəkar musiqini nəzərdə tuturam. Müasir Azərbaycan musiqisi deyəndə, əslində bütün peşəkar musiqiçilər Ü.Hacıbəyovun qoyduğu ənənələrlə gedən musiqini nəzərdə tutur. Bu musiqinin ənənələri də layiqincə davam etdirilir. Istər opera teatrında, istər musiqili teatrda, istərsə də mahnı və romans ifaçılığında bu ənənələrə sadiqliyi görmək mümkündür.
Bu gün bizim peşəkar ifaçılarımız da, peşəkar bəstəkarlarımız da var. Bu yol davam edir. Əgər cəmiyyət daha çox başqa musiqini görürsə, bu o demək deyil ki, peşəkar musiqi ölüb. Peşəkar musiqi də, musiqiçilər də öz işindədir.
Gələcək peşəkar musiqiçi nəslinin yetişməsi üçün də gərəkli olan baza – yaxşı müəllimlər, peşəkar bəstəkarlar mövcuddur. Bu səbəbdən inanıram ki, gələcəkdə də gözəl ifa və bəstələrə şahid olacağıq”.

Paylaş: