“Bizim sevgimiz də, nifrətimiz də, dostluğumuz da, düşmənliyimiz də kişi kimi olub”
Tarix: 18-11-2018, 10:41



Əməkdar artist, müasir Azərbaycan satirasının tanınmış nümayəndələrindən biri Tahir İmanovla müsahibə üçün vədələşdiyimiz Sabir bağında görüşəndə, bu yerlərin yumor ustası üçün doğmalığından xəbərsiz idik. Məhz Tahir İmanovla söhbət əsnasında bəlli oldu ki, məşhur aktyorun uşaqlıq və gənclik illəri məhz burada – doğma Bakının ən qədim, özünəməxsus, gözəl guşərlərindən biri olan bu məkanda keçib.
Moderator.az olaraq əməkdar artistlə söhbətimizdə sənətkarın həyat və yaradıcılığı ilə bağlı daha bir çox maraqlı məqamlar üzə çıxdı.
 
“İlk sevgi, ilk dostluq, ilk düşmənçilik – bir sözlə, hər şey buradan başladı...”
 
-Tahir bəy, müsahibə öncəsi söhbətimizdən bəlli oldu ki, uşaqlığınız bu yerlərdə keçib və yəqin ki, bu məkanla bağlı maraqlı uşaqlıq xatirələriniz var. Yəqin ki, məlum xatirələr səbəbi ilə bu bağ, bu məhəllələr sizin üçün ikiqat doğmadır?
 
-Şübhəsiz. Uşaqlığım bu yerlərdə keçib. Mən DİN-lə Baş Prokurorluq arasındakı 189 nömrəli məktəbi bitirmişəm. Ilk sevgimiz, ilk dostluğumuz, ilk davamız, ilk düşmənçiliyimiz, bir sözlə hər şey buradan başlayıb. H.Hacıyev küçəsində, Bəstəkarlar Evində babam yaşayırdı. Biz isə bir qədər yuxarıda qalırdıq. O zaman bu məktəb indiki elit məktəblər səviyyəsində idi. Burada çox güclü müəllimlər çalışırdı. Biz gələcəyimizin ilk sərvətini – təhsilimizi burda əldə etmişik. Savadlı adam zəngin adamdır. Bu, bütün zamanlarda belə olub.
Azərbaycan prospekti ilə II Xrebtovı arasındakı məhlədə mənim uşaqlığım, gəncliyim keçib. Orta məktəbdən sonra Azərbaycan İqtisadiyyat Universitetinə daxil oldum. Sadəcə, bir kvartal “önə keçdim”. Ali təhsilimi yenə eyni məkanda davam etdirdim.
 
 “Atam bizə xidməti avtomobilindən istifadəni qəti şəkildə yasaqlamışdı”
 
Biz məktəbə metro, troleybus və avtobusla, çox vaxt isə piyada gedib gəlirdik. Baxmayaraq ki, atam vəzifəli şəxs idi. Onun xidməti avtomobili var idi. Lakin atam heç vaxt imkan verməzdi ki, mən və qardaşım məktəbə bu maşında gedək. Təbii ki, o vaxt biz narazılığımızı bildirirdik. Deyirdik ki, niyə axı maşın ola-ola məktəbə piyada, ya da ictimai nəqliyyatla gedək? Amma atam qəti şəkildə bizim xidməti avtomobilindən istifadəmizi qadağan etmişdi. O bizə deyirdi ki, hamı necə, siz də elə. Atam istəyirdi ki, biz heç kimdən seçilməyək. Çünki sinfimizdə kasıb uşaqlar da oxuyurdu. Mənim babam da bunun əleyhinə idi. Çünki babamın özü də kasıbçilıqla böyümüşdü. Kasıbçılıq nə olan şeydir – babam bunu çox yaxşı bilirdi.
 
“Uşaqlığımızdan belə görmüşük ki, sözü adamın üzünə deyərlər”
 
-Hər insanın dünyagörüşünün, xarakterinin, şəxsiyyətinin formalaşmasında onun yaşadığı mühitin, gördüyü, ünsiyyətdə olduğu insanların danılmaz rolu var. Maraqlıdır, Tahir İmanovun xarakterinin, şəxsiyyətinin formalaşmasında kimlərin rolu olub?
 
-Şübhəsiz ki, mənim dünyagörüşümün formalaşmasında ilk növbədə valideynlərimin və babamın mühüm rolu olub.
Babam məşhur bəstəkarlar binasında yaşayırdı. Biz çox vaxt məktəbdən sonra bura gəlirdik. Böyük şəxsiyyətləri, böyük simaları ilk dəfə məhz burada görmüşəm. Görün bu binada kimlər yaşayıb: bəstəkar Süleyman Ələsgərov, bəstəkar Vasif Adıgözəlov, bəstəkar Tofiq Quliyev, Zakir Bağırov, Oqtay Zülfüqarov... Bundan başqa, bəstəkarlar evinə bitişik yazıçılar evində yaşayan B. Vahabzadə, Habil və s. kimi şəxsiyyətlər də bizim üçün örnək olub.
Onların hər biri ayrı-ayrılıqda böyük şəxsiyyət idi. Onlar lazım olan yerdə sözlərini deyirdilər. Bəlkə də mən onlara baxıb sözümü deməyi öyrənmişəm. Uşaqlıqdan belə görmüşük ki, sözü kişinin üzünə deyərlər. Heç kimin arxasında danışmaz, qeybət eləməzlər. Biz bunları eşitmişik, bu kəlmələr, bu tövsiyyələrlə böyümüşük. Təəssüflər olsun ki, indi sənət aləmində bu cür insanlar az qalıb. Onların böyük əksəriyyəti çıxıb gedib. Qalanlar isə sözlərini demirlər. Düşünürlər ki, neytral olsam, danışmasam mənim üçün hər şey yaxşı olacaq. Amma mən belə deyiləm. Bizim “plastilinimiz” başqa cür hazırlanıb.
Mənim daimi yaşadığım yer Bakının məşhur məhəllələrindən olan II Xrebtovı, “dağlı məhəlləsi” deyilən məhəllə olub. Mən orada böyümüşəm. Orada bir qədər fərqli kontingent olsa da, onların arasında da şəxsiyyətlər var idi. Şəxsiyyət olmaq üçün mütləq məşhur olmaq şərt deyil ki? Məgər şəxsiyyət olmaq üçün hökmən bəstəkar, idmançı olmalısan? Əgər bu həyatda sənin mövqeyin, əqidən varsa, sən artıq şəxsiyyətsən. Mən belə düşünürəm. Azərbaycanın bayrağını qaldırmaq, Azərbaycan xalqına, Azərbaycan dövlətinə xidmət etmək üçün mütləq idmançı olmaq, KVN-çi olmaq şərt deyil. Əgər sən öz işini, öz vəzifəni layiqincə, ən yüksək səviyyədə görürsənsə, deməli, artıq vətəninə xidmət edirsən, onun üçün faydalısan.
Bəzən görürsən ki, kimsə öz işini lazımınca görmür. Ondan bunun səbəbini soruşanda deyir ki, “nə edim, maaşım azdır, ona görə də işə can yandırmıram”. Maaşın azdırsa, səni qane etmirsə, ərizəni yaz, işdən çıx. Yox əgər sən bu maaşı alırsansa, onda “canın çıxsın”, işə can yandır. Məncə hər kəs öz işinə bu düsturdan yanaşmalıdır. Azərbaycanı sevmək budur: düzgün yaşamaq, işinə can yanıdrımaq, lazım olan vaxtda isə sözünü demək.
 
“Bizimlə işləməyə razılıq verən sponsorlara zəng edib deyirlər ki...”
 
-Amma bu da bir gerçəkdir ki, bu həyatda heç də hər kəs lazımi anda lazımi sözü demək cəsarətinə malik deyil. Hətta cəsarəti olanların da bir çoxu bu cür məqamlarda deyəcəkləri sözün onlara “sərf etməyəcəyi”ni, onlar üçün əlavə problem və məhrumiyyətlərə səbəb ola biləcəyini düşünərək susmağı daha faydalı hesab edir.
 
-Məsələ burasındadır ki, əgər sözünü demirsənsə, susursansa, bu, sənin öz problemindir. Kimsə buna görə səni qınamayacaq. Lakin mən yenə də uşaqlıq və gənclik illərimə qayıdaraq demək istəyirəm ki, biz sözü həmişə insanın üsünə demişik. Biz kişi kimi dalaşmışıq, sonra kişi kimi həmin insanlarla dostluq etmişik. Hər şey kişi kimi olub. Kimsə kimsənin dalınca iş görməyib. Indi isə hər yerdən adama zərbə gəlir. Bilmirsən ki, bu işlərin arxasında kim dayanır. Bilmirsən ki, kimdən şübhələnəsən. Fakt olmadan şübhələnsən, onda günaha batasan. Çünki şübhə hələ fakt deyil, bu bir ehtimaldır.
Biz mübarizə aparanda kimə qarşı mübarizə apardığımızı bilirdik. İndi isə elə bir acınacaqlı vəziyyətlə üzləşmişik ki, bunu sözlə ifadə etmək çətindir. Təəsvvür edin ki, hansısa bir layihəyə başlamaq istəyirik. Gedib sponsorla danışırsan, razılıq əldə edirsən, sonra həmin şəxs zəng edib üzrxahlıq edir və bildirir ki, ona KVN-lə işləməməyi tapşırıblar. Bizim komandanı qadağalarla üz-üzə qoymusunuz, insanların çörəyini əlindən almısınız, eybi yoxdur, bu günə də şükür. Bəs niyə imkan vermirsiniz ki, televiziyadan kənarda dolanaq? Məgər bizim sizin kimi ailəmiz, balalarımız yoxdur?  Bizim sizin kimi çörəyə, suya ehtiyacımız yoxdur? Ayıb deyilmi? Necə olur ki, ölkə başçısı konsertlərimizə gələndə, biz hamıdan yaxşı idi. Bir adam əleyhimizə danışmırdı. Hara gedirdin, bütün qapılar üzümüzə açıq idi. “Siz bizim fəxrimizsiniz”, “sizdən yoxdur”, “həmişə qulluğunuzdayıq” ifadələri eşidirdik. Halbuki, biz heç vaxt heç kəsə ağız açmamışıq. Bəs nə oldu ki, indi pis olduq?
 
“Hansısa “sehirli əl”in sayəsində saytlara verdiyimiz müsahibələr “yoxa çıxır”
 
-Bu suala elə sizdən cavab almaq istərdik. Doğrudanda axı nə baş verdi ki, KVN-ə olan münasibət birdən-birə bu miqyasda dəyişdi? İlk hücum, ilk qadağa, ilk qarşıdurma nə vaxt, necə baş verdi?
 
-İlk olaraq bizim bəzi tanınmış aktyorlar danışmağa başladı. Onlar arvad paltarları  geymək, arvad obrazı yaratmaq məsələləri ilə bağlı narazılıqlarını bildirdilər. Guya ki, onlar, onların kolleqaları heç vaxt arvad obrazını yaratmayıblar. Sonra bəzi məmurlar danışmağa başladılar. Biz sonradan başa düşdük ki, əslində onlar hər zaman bizdən narazı olublar. Sadəcə olaraq, ümummili lider Heydər Əliyev faktoru onlara imkan vermirdi ki, onlar nə isə eləsinlər, nə isə desinlər.
Bunun ardınca qadağalar başladı. Bir də görürsən ki, hansısa sayta müsahibə verirsən. Həmin müsahibə 2-3 saat qalandan sonra hansısa “sehirli əl” bu yazını həmin saytdan çıxardır. Ümid edirəm ki,  bizim bu müsahibəmiz həmin “sehirli əlin” təsirinə məruz qalmayacaq.
 
“Onlar tənqidlərimizə qarşı dözümsüz idi”
 
-Bəzi məmurların lap əvvəldən KVN-dən narazı olduğunuzu qeyd etdiniz. Sizcə bu narazılığın kökündə nə dayanırdı? Mümkündürmü ki, onlar fəaliyyətlərində yol verdikləri nöqsan və qüsurları sizin tamaşalarınızda görür, bu qüsurları aradan qaldırmaq yerinə komandaya təzyiq etməyi daha məqsədəuyğun hesab edirdilər?
 
-Təbii ki, bu narazılığa səbəb bu idi. Şübhəsiz ki, mən bütün məmurları deyil, bəzi məmurları nəzərdə tuturam. Hansı ki, o məmurlar tənqidə qarşı dözümsüz idi. Bu tənqidləri qəbul edə bilmirdi. Mən belə düşünürəm. Hər halda görünən budur.
 
“Anar Məmmədxanov Heydər Əliyevə dedi ki...”
 
-Təzyiq və basqıların ilk dalğasını mərhum ölkə başçısı Heydər Əliyevin dönəmində hiss etdiyinizi vurğulayırsınız. Bəs o zaman komanda üzvlərinən kimsə bu barədə Heydər Əliyevə nə isə dedimi?
 
-Anar Məmmədxanov ümummilli liderimiz Heydər Əliyevə bu haqda danışdı. Bildirdi ki, bəzi məmurlar KVN-nin fəaliyyətindən narazıdırlar. H.Əliyev bizi 2000-ci il dekabrın 30-da Prezident Administrasiyasında qəbul edəndə bu mövzuya toxundu. Biz həmin ərəfədə “XX əsrin çempionu” titulunu almışqdıq. H.Əliyev sanki qarşıda baş verəcəkləri hiss edirdi. Sanki gələcək nəsillərə bir vəziyyət ünvanlayırdı. H.Əliyev həmin gün bu haqda dedi: “Biz ölkəmizdə, cəmiyyətimizdə olan nöqsanları aşkar edib onlarla mübarizə aparmalıyıq. Çox adam hesab edir ki, bu mübarizənin əsas yolu inzibati yoldur. Bu, heç də belə deyil. Yumor və satira cəmiyyətimizdə olan nöqsanların aradan qaldırılmasına kömək edir və mən hesab edirəm ki, sizin bu tamaşalarınızın hər bir nömrəsinin özünəməxsus qiyməti var. Heç kimdən və heç nədən qorxmayın. Istəyirəm ki, siz bu yolu ddavam etdirəsiniz”.
H.Əliyevin uzaqgörən siyasəti burada da özünü göstərdi. Sanki o hiss edirdi ki, biz gələcəkdə bu cür çətinliklə üzləşəcəyik.
 
“Əgər bu iki böyük şəxsiyyət olmasaydı, KVN-nin mövcudluğu sual altında qalardı”
 
-Şeyx Əbdül Mahmudbəyov KVN-lə bağlı saytımıza açıqlamasında belə bir ifadə işlətdi ki, KVN Heydər Əliyev dövründən miras qalıb. Sizcə ən azı Heydər Əliyev faktoruna görə KVN-ə münasibət indikindən fərqli olmalı deyilmi?
 
-Təbii ki, burada ilk növbədə H.Əliyev faktoru var. Bunu dəfələrlə demişəm. Şeyx Əbdül Mahmudbəyova da təşəkkür edirəm ki, bunu xatırladıb, dilə gətirib. KVN hərəkatı Azərbaycanda Heydər Əliyevə, ölkə başçısı İlham Əliyevə görə yaşayıb və bu gün də yaşamaqdadır. Bundan sonra da yaşayacaq. Əgər bu iki böyük şəxsiyyət olmasaydı, o zaman Azərbaycanda KVN-nin mövcudluğu sual altında qalardı. KVN-ə ən azı o günlərin gözəl xatirəsinə dörə belə yanaşılmamalı idi.
Bir fakta diqqət çəkim. 1996-cı ildən 2001-ci ilə qədər ümummilli lider, indiki prezidentimiz İlham Əliyev, habelə I vitse prezident Mehriban xanım Əliyeva bütün konsertlərimizdə iştirak ediblər. Hətta 1995-ci ildə sentyabrın 2-də beynəlxalq KVN-nin “Yay Kuboku”nda da ümummili lider iştirak etdi.  O zaman bizim komanda ilə "Одесские джентльмены"
arasında böyük bir oyun baş tutdu və biz o oyunda qalib gəldik. Beynəlxalq KVN-nin prezidenti Alekdandr Vasilyeviç Maslyakov dedi ki, bu, ilk oyundur ki, ölkə başçısı bu oyunda tamaşaçı kimi iştirak edir. Bundan sonra Yeltsin, Nazarbayev və s. bu oyunlara gəldilər. Amma beynəlxalq KVN oyununa ilk dəfə ölkə başçısı qismində məhz Heydər Əliyev iştirak edib.
 
“Bu gün bizi yiyəsiz hesab edirlər”
 
-Tahir bəy, son illər KVN-ə qarşı təzyiqlərin artması nə ilə bağlıdır? Dünənə qədər susanların bu gün dilə gəlməsinə, özlərində cəsarət tapmasına səbəb nədir?
 
-Yiyəsizlik! Görürlər ki, yiyəsizik, ona görə də istəyəndə müsahibəmizi saytdan çıxardır, istəyəndə qadağalara məruz qoyur, istəyəndə isə telekanallarda haqqımızda qarayaxma kampaniyasına start verirlər və s. Mən haqqımızda yayımlanan süjetləri tənqid adlandıra bilmərəm. Tənqid başqa şeydir. Hansı ki, bu faktor bizim tamaşalarımızda özünü göstərir.
 
“Televiziya bizim üçün heç vaxt stimul olmayıb”
 
-Artıq üç ildir ki, KVN televiziyalarda görünmür. Televiziyalardan kənarda fəaliyyət göstərmək, tamaşaçıya televiziyadan kənar yol tapmaq çətin deyil ki?
 
-Biz işimizi görür, tarixmizi yazırıq. Biz televiziyasız da işləyirik. Televiziya bizim üçün heç vaxt stimul olmayıb. Biz televiziya ilə də, televiziyasız da işləmişik. KVN ilk addımlarını Moskvada atıb. Biz ilk məşhurluğumuzu Moskvada qazanana indiki özəl telekanalların heç birinin adı heç bir yerdə yox idi. Xalqımız bizi hələ o zaman sevib, bizə dəstəyini o zaman ifadə edib. Sonradan bizə televiziyalar dəvət  göndərib. Biz də bu dəvətləri məmnuniyyətlə qəbul etmişik. Ancaq sonra proseslər başqa məcraya doğru yön almağa başladı.
 
Ardı var

Paylaş: