Məşhur aktyordan deputatlara SƏRT ETİRAZ: "İşimi-gücümü atıb sizi..."
Tarix: 7-11-2018, 12:02



Milli Məclisdə kino və teatrda tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı bəzi qanuna dəyişikliklər təklif edilməsini bəzi aktyorlarımız xoş qarşılamayıb. Onlardan biri də biri də Kamran Ağabalayevdir.
Sevilən aktyorumuzla həmsöhbət olub, bu narazılığın səbəbini öyrənməyə çalışdıq.
Beləliklə, Publika.az-ın müsahibi dəfələrlə əcnəbi filmlərdə rol alan məşhur aktyor Kamran Ağabalayevdir.
- Sizcə, günlərdir aktyorlarımızı təşvişə salan bu müzakirələr haradan qaynaqlanır: filmlərin büdcəsinə qənaət etmək, yoxsa aktyorlarımızın sağlamlığının qeydinə qalmaq məqsədindən?
- Bu sualdan da bir sual doğur. Azərbaycanda həll ediləcək başqa problemlər yoxdurmu ki, onları ikinci plana atıb ekranda siqaretə qadağa qoyuruq? Aktyor analiz edir, obraz, xarakter yaradır. Bunun üçün məsələnin dərinliyinə varmaq lazımdır. İstər Li Strazberqin üslubu olsun, istərsə də Meysberqin... Filmdəki personajın ssenariyə əsasən atası, anası olmaya bilər. Amma bu fakt aktyoru rahatlaşdırmır. Yaratdığı obrazın konfliktini, problemin qaynağını ekranda görünməyən atadan da, anadan da götürə bilər. Aktyorluq çox vacib peşədir. Odur ki, icazə verin daxili konfliktlərimizi yaradarkən, xarici münaqişəni vizual göstərərkən özümüzə sədd qoymayaq. Əlimizdəki siqaret belə obrazımızın bir alətidir. Mən bir aktyor kimi qarşımda maneələr duymaq istəmirəm.
- Gəlin, təsəvvür edək ki, filmlərdə siqaret çəkməyi qadağan edən qanun qüvvəyə mindi. Aktyorların xüsusi kədər, həyəcan səhnələrinini daha da alovlandıran siqaretə alternativ variant nə olardı? A) günəbaxan tumu çırtlamaq B) təsbeh fırlatmaq C) öz variantınız...
- Yox...Mən bunu heç bir halda təsəvvür etmək istəmirəm. Niyə mən öz yaradıcı azadlığımı çərçivəyə salmalıyam? Bunu məndən kim istəyir, və fəaliyyətimə niyə qarışır? Ola bilər cavab gəlsin ki, gənclər sizdən örnək götürür. Kimlərinsə kumirisiniz. O zaman bir sual da doğur. “Üçüncü günün adamı” filmində erməni obrazını canlandırmışam. Belə çıxır ki, məni örnək sayan gənclər gedib erməni vətəndaşlığını qəbul etməlidirlər? Yaxud ”Təhminə” filminə baxan gənclər özlərindən 20 yaş böyük jurnalist xanımla eşq macərası yaşamalıdırlar? Axı bu absurd fikirdir...
- Tütün dünya kinematoqrafiyasında həm də sonsuz azadlığın, təzadlı da olsa, vərdişdən aslılığın rəmzi sayılır. Bəzən qəhrəmanın yüksək intellektinə, bəzən də alovlanan eşq səhnəsində öpüşə keçidin işarəsidir. Hələ sadalamadığımız onlarla fakt qaldı. Bunlarsız milli kinomuz çılpaq qalmayacaq?
- Təsəvvür edin ki, siqaretin zərəri barədə film çəkilir və sən bu filmdə siqaretdə istifadə edə bilmirsən. Yaxud xərçəngin 4-cü mərhələsində olan xəstənin siqaretlə ümidsiz mübarizəsindən bəhs edən dram əsəri ekranlaşdırılır. Amma sən yenə də vizual olaraq siqaret göstərə bilmirsən. Çünki qadağandır. Yaxud tarixi film çəkilir. 1944-cü ildir. Stalinqrad uğrunda qızğın savaş gedir. Filmin qəhrəmanları 4 əsgərdir. Artıq əmindirlər ki, 1 saat sonra həlak olacaqlar. Son siqaretlərini çəkmək istəyirlər... Amma bəzi deputatımız deyir ki, bura Hollivud deyil. Buranın öz qanunları var. O zaman xahiş edirəm, siz o qanunlarla məşğul olun. Anlayıram, kino istehsalçılarına yardımçı olmağa gücünüz yetmir. O zaman mane də olmayın. Çoxumuz paralel işlərdə çalışıb qazandığımız pulla çəkdiyimiz filmləri festivallara göndəririk. Bütün işimiz, zəhmətimiz Azərbaycan adınadır.

- Sizcə də son illər Azərbaycan kinosunda aktyorların ifası kimi siqaret çəkməyi də süni təsir bağışlayır? Bəlkə tamaşaçını ən çox da qıcıqlandıran budur? Çünki lap elə Puaronun özü belə kamera qarşısında çəkdiyi trubka ilə elə bütövləşir ki, onu artıq bu vərdişsiz təsəvvür etmək olmur.
- Ümumiyyətlə, siqaret aktyor üçün köməkçi vasitədir. Bəzi zəif aktyorlar ekran qarşısında öz əlləri ilə bütövləşə bilmirlər. Orqanika deyilən məfhum onlara aid deyil. Sırf bu halda köməklərinə siqaret çatır. Bir çox aktyor da bu zərərli vərdişdən məharətlə istifadə etməyə nail olur. Yəni hər bir halda siqaret aktyor üçün yardımçı vasitədir. Puaronun adını çəkdiniz, bu siyahını milli filmlərimizlə də sonsuz sayda uzada bilərik. Qanunun qüvvəyə minməsini istəyən millət vəkilləri əllərini ürəklərinin üstünə qoyub etiraf etsinlər. Axı onlar da siqaret çəkirlər. İşimi-gücümü atıb sizi izləməyə də hazıram ki, gənclərin gözü önündə siqaret çəkirsiniz ya yox...
- Bu qərar qəbul edilsə, istənilən halda tamaşaçını siqaretsizliyə alışdırmaq lazımdır. Məsələn, film bitənə yaxın aktyor bəyan edir ki, artıq siqaretdən imtina etmişəm. Rol aldığı növbəti filmdə isə ümumiyyətlə, siqaret çəkmir...
- Bu qərar qəbul edilə bilməz! Mən qəhrəmanımın qarşısına belə sədlər qoya bilmərəm.
- Necə düşünürsünüz, Lümyer qardaşları sağ olsaydı, tütünsüz, alovsuz can verən Azərbaycan kinosunun taleyinə acıyardılar?
- Çox demirəm ən az 1 həftəlik çağdaş dövrümüzdə yaşayıb, dünyanın nailiyyətlərini görsəydilər, bizim filmlərimizdəki siqaret probleminə çox gülərdilər. Sonda nəzərinizə çatdırım ki, qonşu Gürcüstanda marixuanadan istifadə artıq leqallaşıb.

Paylaş: