“Bu kirli oyunu oynayanlar anlasınlar ki...” - Teatr direktoru
Tarix: 2-11-2018, 13:04



“Tural Xəlilzadə teatrdan öz xahişi ilə çıxıb”
Bunu AzNews.az-a açıqlamasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev, rejissor assistenti Tural Xəlilzadənin işdən çıxarılmasından danışarkən deyib. O, Tural Xəlilzadənin musiqili teatrın rejissoru olduğunu qeyd edib:
“Bu kirli oyunu oynayanlar və özlərini ifşa edənlər anlasınlar ki, İravan teatrının sağlam kollektivi heç vaxt onların oyunlarına uymayıb və bundan sonra da uymayacaq. Sağlam cəmiyyət isə tükü-tükdən çox yaxşı seçə bilir. Tural Xəlilzadə çox tərbiyəli, qanacaqlı və istedadlı gəncdir. Onu bu teatra rejissor assistenti vəzifəsinə mən qəbul etmişəm və işindən də daima razı olmuşam. Tural ixtisasca musiqili teatr rejissorudur. Bizdə isə ona uyğun ola bilən yalnız rejissor assistenti vəzifəsi var idi. Tural kollektivdə çox böyük hörmət qazanmış və mənim də daima diqqətimdə olan gəncdir”.

İftixar Piriyev Şəbnəm Cəbrayılovanın işdən çıxmadığını vurğulayıb:

“Onu da öz kirli oyunlarının qurbanı etməyə çalışanlar anlasınlar ki, mən istedadlı adamların onların qurbanlığına çevrilməsinə heç vaxt yol vermərəm. Hər kəs əmin olsun ki, İrəvan teatrında sağlam mühit daima olub, bu gün də var, sabah da olacaq. Çünki burada qurulmış münbit şərait və işlək mexanizm heç bir bədxahın bəd əməli ilə dağıdıla bilməz”.

Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrını daha iki nəfər tərk edib. "Ölkə.az" yazır ki, direktor İftixar Piriyev işdən çıxardığı aktyorlarla bağlı imzatoplama kampaniyası keçirib. Lakin teatrın rejissor assistenti Tural Xəlilzadə və aktrisa Şəbnəm Cəbrayılova bu kampaniyadan boyun qaçırdığına görə direktor onları işdən çıxarıb.

Paylaş: