Əməkdar artistin avtomobilindən oğurluq edənlər saxlanılıblar
Tarix: 24-10-2018, 11:52



Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-dən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində avtomobildən oğurluq etdiyinə görə saxlanılan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Rizvan Quliyev və T.Mustafazadənin ətrafında aparılan tədbirlərlə onların rayon ərazisində daha 1 avtomobildən pul və sənəd, həmçinin oktyabrın 20-də Nərimanov rayonunun C.Hacıbəyli küçəsində Bakı şəhər sakini Nurlan Növrəslinin “Renault” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə mobil telefon və bankomat kartını oğurladıqları da müəyyən edilib.
Oktyabrın 23-nə keçən gecə Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində şəhər sakinləri E.Hacıyevin və S.Novruzovun “Mercedes” markalı, R.Şahverdiyevin isə “KİA” markalı avtomobillərindən pul, mobil telefon aksesuarları və məişət əşyalarının oğurlanması barədə 1-ci Polis Bölməsinə müraciət daxil olub.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini Elvin Məhərrəmov və Bakı şəhər sakini Ramil Salahov saxlanılıblar.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində 4 avtomobildən pul və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən şəhər sakini Eşqin Qurbanov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş: